Bakı. Trend:
Ticarət sektorunda olan problemlərdən biri POS-terminallarla bağlı bankların faiz artımdır.
Trend xəbər verir ki, bu sözləri “Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu: imkanlar və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirədə KOBİA yanında İctimai Şuranın sədri Samir Abdullayev deyib.
Onun sözlərinə görə, ticarət şəbəkələri geniş istehlakçı hüquqlarına xidmət göstərir və dövlət nağdsız ödənişlərin genişləndirilməsi üzrə olan fəaliyyətə dəstək olaraq ödənişlərin POS-terminallar vasitəsilə həyata keçirilməsini istehlakçılar arasında təşviq edir:
"POS-terminallar vasitəsilə həyata keçilən nağdsız ödənişlərin payı 60-70%-ə çatıb. Bu ilin yanvarından etibarən əməkdaşlıq etdiyimiz bəzi banklar tərəfindən POS-terminallardan istifadə üçün xidmət haqları üzrə faizlər 1,5-2%-ə qədər artırılıb.
Banklar tərəfindən tariflərin artırılması pərakəndə satış sistemində aşağı marja ilə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin xərclərinin artmasına səbəb olub. Xidmət haqlarına yenidən baxılması və aşağı salınması ilə bağlı 2023-cü ildə Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi və şəbəkə iştirakçılarının nümayəndələri ilə birlikdə Mərkəzi Bankda keçirilən görüşdə bu məsələlər geniş müzakirə olunub".
Qeyd edək ki, ictimai müzakirə KOBİA və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə təşkil olunub. Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, sahibkarlar və media nümayənələri iştirak edirlər.