Bakı. Trend:
Gülüstan sarayında Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilir.
Trend xəbər verir ki, konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, digər dövlət və özəl qurumların nümayəndələri iştirak edirlər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib ki, Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır.
"Azərbaycanda Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. Bu dəyişikliklər əsasən məsafədən işin təşkil edilməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan kişilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması və sair məsələləri nəzərdə tutur", - o bildirib.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib ki, hazırda ölkəmizdə 9 minə yaxın müəssisədə kollektiv müqavilələr mövcuddur və bu sənədlər vasitəsilə minlərlə işçinin hüquqları qorunur, əmək şəraiti təkmilləşdirilir.
O bildirib ki, 2024-cü ildə yeni imzalanan kollektiv müqavilələrin sayı əvvəlki illə müqayisədə 14% artıb: "Bu rəqəmlər bizə açıq şəkildə göstərir ki, əməyin mühafizəsi təkcə sosial məsələ deyil bu, milli təhlükəsizlik və davamlı inkişaf məsələsidir".
"Əmək mühafizəsi sahəsində tarixi baxımdan önəmli bir hadisə olan 1905-ci ildə imzalanan ilk kollektiv müqavilə işçi və işəgötürən arasında münasibətlərin rəsmi və qarşılıqlı razılaşma əsasında tənzimlənməsinə təkan verdi. O gündən bu günə kollektiv müqavilələr yalnız hüquqi sənəd deyil, sosial dialoqun təməl sütununa çevrildi", - deyə M.Musayev əlavə edib.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib:
"Buradan özəl sektor nümayəndələrinə çağırış etmək istərdim. Xidmət səviyyəsinin və əməliyyat səmərəliliyinin artırılması məqsədilə süni intellektin tətbiqini genişləndirməyə daha cəsarətlə yanaşın.
Dövlət olaraq bu istiqamətdə sizi təşviq edəcək stimullaşdırıcı təşəbbüsləri dinləməyə və birlikdə işləməyə tam hazırıq.
Qarşımızda duran yeni çağırışlar fonunda rəqabətqabiliyyətli iqtisadiyyat yalnız texnologiyaya çevik uyğunlaşma və innovasiya açıq yanaşma ilə mümkündür. Bu baxımdan, həm dövlət, həm özəl sektor səviyyəsində rəqəmsal həllər və innovativ texnologiyalara yönəlmiş investisiyaların həcmi və təsir dairəsi artırılmalıdır.
Bu, təkcə texnoloji modernizasiya deyil, eyni zamanda yeni iş yerlərinin yaradılması, məhsuldarlığın artırılması və dayanıqlı inkişaf üçün əsas vasitədir".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, ölkəmizdə qadın və uşaq əməyinin təhlükəsizliyi, işçi hüquqlarının təminatı hər zaman diqqət mərkəzində olan məsələdir.
"Bu məsələ dövlətin, vətəndaş cəmiyyətinin və beynəlxalq qurumların fəaliyyət gündəliyinin əsas istiqamətlərindən biridir. O cümlədən, ölkədəki bütün hakimiyyət qanadları - məhkəmə, icra və qanunverici orqanlar daha rahat, asan və təhlükəsiz olması üçün lazım olan çərçivələri - hüquqi çərçivələri, iqtisadi-sosial imkanları və effektiv mexanizmləri yaratmaqdadırlar", - deyə B.Muradova əlavə edib.
Dövlət Komitəsinin sədri həmçinin qeyd edib ki, bu gün Azərbaycanda Böyük Qayıdış prosesi çərçivəsində yeni çağırışlar meydana çıxır.
"İnsanların ağıllı kənddə yaşamağa alışması üçün addımlar atmalıyıq. Bunun üçün yeni layihələr reallaşdırılmalıdır. Qarabağda yaşayan ailələrin, bərpa və minatəmizləmədə iştirak edən insanların hüquqlarının qorunması da kollektiv müqaviləyə daxil edilməlidir. Qarabağa qayıdan ailələrin, vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi, layiqli və təhlükəsiz iş şəraiti ilə təmin olunması vacib məsələ kimi diqqətdə saxlanılmalıdır", - o bildirib.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib ki, beynəlxalq Tədqiqatlara əsasən, yüksək texnologiyaların tətbiqi ilə bağlı 2023-cü ilə qədər dünya üzrə təxminən 375 milyon insanın yenidən yeni ixtisaslara və yeni bacarıqlara yiyələnməsinə ehtiyac yaranacaq ki, bu da ümumi işçi qüvvəsinin təxmini 14%-ni təşkil edir.
"Son illər süni intellektin qlobal səviyyədə inkişafı, onun tətbiqi sahələrini daha da genişləndirməklə bir çox sektorlarda köklü dəyişikliklərə səbəb olmaqdadır. Bu təcrübə, xüsusən də, qərar qəbuletmə prosesində səmərəliliyin və şəffaflığın artırılmasını, idarəetmənin optimallaşdırılmasını, maliyyə xərclərinin minimum endirilməsini və vətəndaşların xidmətlərə çıxışının asanlaşdırılmasını hədəfləyir.
Rəqəmsallaşdırma və süni intellekt bir tərəfdən müxtəlif sahələr üzrə əlverişli imkanlar yaratsa da, digər tərəfdən yeni sosial çağırışları da labüd edir. İnnovativ texnologiyalsrın istehsalatdan xidmət sahələrinə qədər geniş tətbiqi yeni bilik və bacarıqlara tələbatın artmasına, bəzi peşələrə ehtiyacın aradan qalxmasına, iş yerlərində kütləvi ixtisarlara və diskriminasiya hallarına səbəb ola bilər", - deyə ombudsman qeyd edib.
Xəbər yenilənəcək