Bakı. Trend:
Ötən il istehsalatla bağlı 2052 bədbəxt hadisə araşdırılıb.
Trend xəbər verir ki, bu sözləri Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
"2024-cü il ərzində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 23 mindən çox ərizə və şikayət araşdırılıb, 19,5 minə yaxın sorğu cavablandırılıb. Bəhs olunan dövrdə baş vermiş 2052 sayda bədbəxt hadisə araşdırılıb, istehsalatla bağlı olan 631 bədbəxt hadisənin təhqiqatı yekunlaşdırılıb", - deyə nazir qeyd edib.
Qeyd edək ki, bu gün Bakıda Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilir. Konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, digər dövlət və özəl qurumların nümayəndələri iştirak edirlər.