...

Yaşıl iqtisadiyyata keçid yeni peşələrin yaranmasını labüd edir - Xidmət rəisi

İqtisadiyyat Materials 28 Aprel 2025 16:54 (UTC +04:00)
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsallaşma və süni intellektin tətbiqinin geniş vüsət alması, habelə yaşıl iqtisadiyyata keçid yeni peşələrin yaranmasını labüd edir.

Trend xəbər verir ki, bunu Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev deyib.

O qeyd edib ki, bu, əməyin mühafizəsi sahəsində yeni çağırışların aktuallaşmasına səbəb olur:

"Süni intellektin yaratdığı elmi-texniki inqilab əmək məhsuldarlığının artmasına səbəb olacaq. Lakin bununla yanaşı, peşə xəstəlikləri, o cümlədən yeni növ xəstəliklərin yaranması riskləri də artacaqdır. Bu vəziyyət yeni tənzimləmə mexanizmlərinin qurulmasını və risk modellərinin yenidən formalaşdırılmasını tələb edir".

"Əmək münasibətlərinin Rəqəmsallaşma sında “Əmək və məşğulluq” altsistemi (ƏMAS) mühüm rol oynayır. Qeyd edilən platformada aparılan təkmilləşdirmələr, əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər və nəzərdə tutulan yeni layihələr əmək münasibətlərinin, o cümlədən əməyin mühafizəsinin elektron tənzimlənməsinə və əmək qanunvericiliyinə riayət olunmasına proaktiv nəzarətin qurulmasına geniş imkanlar yaradır.

Hazırda əmək müqavilələrinin elektron formada bağlanılması, işçi və işəgötürənlərin elektron kabinetlər vasitəsilə yazışmalarının aparılması, əməyin mühafizəsi ilə bağlı ƏMAS-da yaradılmış texniki funksionallıqlar, müxtəlif qurumların məlumat bazalarının ƏMAS-la qarşılıqlı inteqrasiyası mühüm əhəmiyyət kəsb edir. Bütün bu tədbirlər bəzi risklərin işəgötürənlər və aidiyyəti xidmətlər tərəfindən əvvəlcədən müəyyən olunaraq qarşısının alınmasına imkan yaradır və nəticə etibarilə işçi-işəgötürən münasibətlərini, əməyin mühafizəsini yeni bir müstəviyə çıxarır", - deyə Xidmət rəisi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti