Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında sürətli pul köçürmə sistemləri ilə banklara 271,4 min ədəd əməliyyat üzrə 111,5 milyon manat vəsait daxil olub.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə aparılmış əməliyyatlar üzrə 21 min ədəd və ya 7,2%, vəsait həcmi üzrə isə 35,8 milyon manat və ya 24,3% azdır.
Hesabat dövrü ərzində bir ödənişin məbləği 410,9 manat təşkil edib ki, bu da 2024-cü ilin yanvar-mart aylarındakı göstərici ilə müqayisədə 92,7 manat və ya 18,4% azdır.
Eyni zamanda cari ilin yanvar-mart aylarında sürətli pul köçürmə sistemlər ilə banklardan kənara 88,6 min ədəd əməliyyat üzrə 37 milyon manat vəsait köçürülüb. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə aparılmış əməliyyatlar üzrə 9,5 min ədəd və ya 9,7%, vəsait həcmi üzrə isə 4,6 milyon manat və ya 11,1% azalma deməkdir.
Dövr ərzində sürətli pul köçürmə sistemləri ilə banklardan kənara köçürmələr üzrə bir ödənişin məbləği 418 manata bərabər olub ki, bu da 2024-cü ilin yanvar-mart aylarındakı göstəriciyə nisbətən 6,3 manat və ya 1,5% azdır.