Bakı. Trend:
Hazırda Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların sayı 1,4 milyondan artıqdır.
Trend xəbər verir ki, bu sözləri Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev bu gün Bakıda keçirilən Aqrobiznesin İnkişafı Forumunda deyib.
"Onların 37%-dən çoxu kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Ölkədə kənd təsərrüfatında 12 mindən artıq hüquqi şəxs fəaliyyət göstərir.
2020-2024-cü illər ərzində kənd təsərrüfatı məhsulları ixracı 25%-dən çox artıb. Təkcə 2025-ci ilin yanvar-mart aylarında 153 milyon dollar dəyərində meyvə-tərəvəz, 14 milyon manatlıq içki məhsulları ixrac edilib", - deyə M.Musayev qeyd edib.