Bakı. Trend:
Azərbaycan Belarusun aparıcı ixrac tərəfdaşlarının sırasına düşüb.
Trend-in müxbiri xəbər verir ki, bunu Belarusun ticarət-sənaye palatasının sədri Mixail Myatlikov Bakı şəhərində keçirilən "Azərbaycan–Belarus" biznes-forumu çərçivəsində etdiyi çıxışda deyib.
“Ötən ilin nəticələrinə əsasən, Azərbaycan Belarusun ticarət tərəfdaşları arasında 13-cü yerdən 11-ci yerə yüksəlib və ticarət həcminə görə yeddinci yeri tutub. Bu, bizim şirkətlərin apardığı sistemli işin və mütəmadi ikitərəfli səfərlərin nəticəsidir”, - deyə Myatlikov bildirib.
Onun sözlərinə əsasən, 2024-cü ildə ikitərəfli ticarət dövriyyəsi 46 faiz artıb. Ən çox nəzərəçarpan artım Belarus ət və süd məmulatları, neft məhsulları və taxta materiallarının tədarükündə müşahidə olunub.
“Ticarət dövriyyəsinin 46 faiz artması ölkələrimizin biznesinin bir-birinin bazarında yeni işlərə fəal şəkildə daxil olduğunu göstərir”, - deyə o vurğulayıb.
“Azərbaycan il ərzində bizim ixrac reytinqimizdə əmin addımlarla irəliləyib ki, bu da iqtisadi əməkdaşlığın davamlı inkişafından xəbər verir”, – deyə Myatlikov əlavə edib.