Bakı. Trend:
Bu il Kənd Təsərrüfatı Nazirliyi olaraq ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq süni intellektin kənd təsərrüfatında tətbiqi əsas prioritetlərimizdəndir.
Trend xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Toğrul Qafarbəyli bu gün Bakıda 18-ci Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, nazirlik bu il süni intellektin tətbiqi ilə bağlı bir neçə layihələri sərgi iştirakçılarına göstərəcək: "Uzun araşdırmalardan sonra aydın olub ki, Azərbaycanda yerləşən universitetlərdə süni intellekt istiqamətində yetişdirilən tələbələr və bazarda olan böyük aqroparklar arasında bir sinerji yoxdur və buna ehtiyac vardır. Bu sinerjini biz bu il ilk dəfə olaraq yaratmaq istəyirik".
"Ona görə də istəyirik ki, bu sərgidə həm universitetlərdə təhsil alan tələbələr, həm də iri aqroparklar bir-biri ilə sinerji yaratsınlar və onlar da süni intellektin kənd təsərrüfatında tətbiqini bilavasitə göstərsinlər", - deyə o vurğulayıb.