Milan. Trend:
Özəl sektorun təqdim etdiyi innovativ və qabaqcıl texnologiyalar enerji istehsalı, paylanması və saxlanması sahəsində gələcəkdə transformativ rol oynayacaq.
Trend-in Milanda olan xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Asiya İnkişaf Bankının (AİB) Bazar Həmrəyliyi üzrə vitse-prezidenti Bharqav Dasqupta AİB-in 58-ci İllik Toplantısının yekun sessiyasında çıxışı zamanı deyib.
Dasqupta qeyd edib ki, bərpa olunan enerji mənbələrinin sürətli inkişafı ilə yanaşı, rəqəmsal texnologiyalar da enerji sistemlərinin qlobal miqyasda transformasiyasında getdikcə daha mühüm rol oynamaqdadır.
“Biz enerji sistemlərinin rəqəmsal transformasiyasını müzakirə etdik. Ağıllı şəbəkələrdən və süni intellektdən tutmuş tələbə uyğun enerji cavablarına, bulud yaddaşına və paylanmış enerjinin saxlanması kimi konsepsiyalara qədər bir çox maraqlı texnologiyalar ortaya çıxır”, – o bildirib.
Vitse-prezident əlavə edib ki, bu texnologiyaların bəziləri ilkin mərhələdə baha başa gəlsə də, geniş miqyasda tətbiq edildikcə xərcləri əhəmiyyətli dərəcədə azalır.
“Bu texnologiyalar ilkin mərhələdə bahalı ola bilər. Amma onların gözəlliyi ondadır ki, miqyaslandıqca xərclər sürətlə azalır. Məsələn, Hindistan kimi ölkələrdə ilkin dəstəyə ehtiyac ola bilər, lakin bu texnologiyalar sonradan kommersiya baxımından sərfəli hala gəlir”, – Dasqupta qeyd edib.
O, həmçinin özəl sektorun enerji keçidindəki roluna toxunaraq, onun təkcə maliyyə deyil, həm də innovasiya, təcrübə və səmərəlilik gətirdiyini vurğulayıb.
“Özəl sektor yalnız kapital deyil, eyni zamanda təcrübə, səmərəlilik və tətbiq imkanlarını təqdim edir. Bunlar enerji keçidində əsas amillərdir”, – vitse-prezident əlavə edib.
Dasqupta bildirib ki, AİB-in bazarların inkişafı sahəsində göstərdiyi səylər artıq müsbət dinamika yaradıb və bu prosesdə bizneslərlə əməkdaşlıq irəliləyişi daha da sürətləndirəcək.
“Bazarların inkişafı istiqamətində birgə gördüyümüz işlər olduqca ümidvericidir. Bu prosesin necə davam edəcəyini diqqətlə izləyirik”, – o vurğulayıb.