Bakı. Trend:
ABB-nin 2024-cü il üzrə mənfəətindən səhmdarlarına 200 milyon manat dividend ödənilməsi qərara alınıb.
Trend xəbər verir ki, bu sözləri ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bu gün bankın dayanıqlılıq hesabatına dair keçirilən mətbuat konfransında deyib.
"ABB-nin 2024-cü il üzrə mənfəətindən səhmdarlarına 200 milyon manat dividend ödənilməsi qərara alınıb. Bu, son 7 ilin rekord göstəricisidir. Beləliklə, ABB-nin hər bir səhminin illik gəlirlilik səviyyəsi 15,6%-ə yüksəlib. Hazırda ABB-nin 30 mindən çox səhmdarı var. Qaydalara görə, biz dividendi o səhmdarlara ödəyəcəyik ki, ən son 5 mayda alqı-satqısını həyata keçirib. 6 mayda saat 18:00-da biz MDM-dən yekun səhmdarların siyahısını götürmüşük. Həmin səhmdarlara ödənişlər ödəniləcək. May ayı ərzində həmin səhmdarlarımıza dividend ödənişini həyata keçirməyi nəzərdə tutmuşuq", - o bildirib.
Onun sözlərinə görə, ABB-nin hazırda nizamnamə kapitalının strukturunda dövlətin iştirak payı 92,18%-dir. Buna uyğun olaraq 200 milyon manatlıq dividendin 184 milyon manatı məhz dövlət büdcəsinə ödəniləcək.
"Son illər ərzində ABB dövlət büdcəsinə və digər sosialyönümlü layihələrə 1,6 milyard manatlıq ödənişlər edib. Bunun 1 milyard 40 milyon manatı dividend ödənişi formasında, qalanı isə mənfəət vergisi, sosial vergi və digər ödənişlər kimi icra edilib. Ötən il dövlət büdcəsinə 110 milyon manat vergi və sosial ödənişlər, 2023-cü ilin mənfəətindən isə 178 milyon manat dividend ödənişi etmişik. Bankın xalis əməliyyat gəlirləri əvvəlki illə müqayisədə 2024-cü ildə 13,6% artıb. Kredit portfelində iri həcmdə 1,3 milyard manat, yəni 25,8% faiz artım baş verdi.
Bu ilin ilk 4 ayında ABB 80 milyon manata yaxın xalis mənfəətlə başa vurub. ABB-nin kredit portfeli artıq 6,5 milyard manata çatıb. Biznes krediti portfelimiz isə 3,2 milyard manata yüksəlib. Bankımızda hazırda 4 mindən çox əməkdaş çalışır", - o bildirib.