...

Bakıda Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilib (FOTO) (YENİLƏNİB)

İqtisadiyyat Materials 13 May 2025 10:04 (UTC +04:00)
Bakıda Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilib (FOTO) (YENİLƏNİB)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Xəzər regionunun ən böyük 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” Sərgisinin açılış mərasimi keçirilib.

Trend xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və digər rəsmi şəxslər iştirak ediblər.

13-16 may tarixlərində keçiriləcək beynəlxalq sərgi çərçivəsində 2-ci Beynəlxalq Aqrar İnnovasiyalar Forumu və aqrar sahənin ən müxtəlif sahələrinə dair panel müzakirələrin keçirilməsi nəzərdə tutulub.

Ümumilikdə sərgidə 31 ölkədən 450 şirkət iştirak edib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, təkcə 2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan sahibkarları xaricə 153,3 milyon dollar dəyərində meyvə-tərəvəz ixrac ediblər.

O bildirib ki, Azərbaycanda aqrar sahənin inkişafı həm əhalinin məşğulluğu, həm də ölkəmizin ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə yüzlərlə müasir aqroparklar, emal müəssisəsi, yeni istehsal sahələri yaradılıb. Daxili tələbatın ödənilməsində yerli məhsulların payı artıb. Təkcə 2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan sahibkarları xaricə 153,3 milyon dollar dəyərində meyvə-tərəvəz ixrac ediblər. Tərəvəz və meyvələrin emal məhsulları üzrə 8,7 milyon dollar dəyərində xarici ölkələrə satış qeydə alınıb. 14 milyon manata yaxın alkoqollu və alkoqolsuz içkilər, statistik dəyəri 40 milyon manat olan pambıq lifi ixrac olunub", - o qeyd edib.

"Əminəm ki, “Caspian Agro” və “Interfud Azərbaycan” bu il də qida sənayesi mütəxəssisləri, ixrac imkanları üçün yeniliklərlə zəngin, faydalı bir platforma olacaq. Bu sahədə yeni texnologiyaların tətbiqi, əməkdaşlıqların qurulması, xarici mütəxəssislərlə təcrübə mübadiləsi imkanlarını daha yüksək mərhələyə qaldıracaq", - deyə M.Musayev əlavə edib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev deyib ki, AZPROMO tərəfindən 2025-ci ildə “WorldFood Moscow 2025”, Köln şəhərində “Anuga” və Şanxay şəhərində 8-ci Çin Beynəlxalq İdxal sərgilərində vahid ölkə stendi ilə sahibkarların iştirakının təmin olunması planlaşdırılır.

O bildirib ki, Agentliyin dəstəyi ilə Azərbaycan şirkətləri müntəzəm olaraq qlobal və yerli sərgilərdə uğurla iştirak edir, yerli məhsullarımız vahid ölkə stendlərində “Made in Azerbaijan” brendi altında təqdim edilir, ixrac müqavilələri imzalanır, məhsullarımız yeni bazarlara çıxarılır:

"2024-cü ildə AZPROMO-nun dəstəyi ilə ixracatçılarımız 47-ci Beynəlxalq Bağdad Sərgisi, Almaniyada “Greenweek” və “Prowein”, Rusiyada “Prodexpo” və "Russia Halal Expo 2024", Birləşmiş Ərəb Əmirliklərində “Gulfood”, Yaponiyada FOODEX, eləcə də İtaliyanın Rimini şəhərində “Macfrut”, Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində "Saudi Food Show 2024" və Şanxayda 7-ci Çin Beynəlxalq İdxal Sərgisi kimi ümumilikdə 10 beynəlxalq sərgidə iştirak edib".

"Biz bu il də ixracatçılarımıza göstərdiyimiz dəstəyi əsirgəmirik və sərgilərdə aktiv iştirakımız davam edir. Hazırda bizim dəstəyimiz ilə şirkətlərimiz vahid ölkə stendi ilə Ər-Riyad şəhərində “Saudi Food Expo 2025”də iştirak edir, sabahdan isə Kazanda keçirilən “Russia – Halal Expo 2025”də ixracatçılarımızın iştirakı təmin olunacaq. Bugünkü “InterFood” sərgisinə də AZPROMO-nun “Made in Azerbaijan” stendində təbii bal, meyvə-tərəvəz, qurudulmuş meyvələr, spirtli içkilər, şərab və süd məhsullarının istehsalı sahələrində fəaliyyət göstərən 8 şirkət təmsil olunur", - Y. Abdullayev bildirib.

"Əlavə olaraq qeyd etmək istərdim ki, tərəfimizdən 2025-ci ildə “WorldFood Moscow 2025”, Köln şəhərində “Anuga” və Şanxay şəhərində 8-ci Çin Beynəlxalq İdxal sərgilərində vahid ölkə stendi ilə sahibkarların iştirakının təmin olunması planlaşdırılır. Yerli sərgilərdə isə oktyabr ayında keçiriləcək 5-ci “Rebuild Karabakh”da iştirakımız nəzərdə tutulur", - deyə Y. Abdullayev vurğulayıb.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qeyd edib ki, qida təhlükəsizliyi sisteminin hüquqi bazasının beynəlxalq təcrübəyə uyğun formalaşdırılması məqsədilə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib və həmin Qanunun icrasından irəli gələrək 15 qayda təsdiq olunub, uyğunlaşdırma çərçivəsində 79 sayda normativ hüquqi akta dəyişikliklər edilib.

O bildirib ki, ötən dövr ərzində qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə sanitar norma və qaydaların beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Agentliyin Kollegiyasının Qərarı ilə 24 sayda texniki normativ hüquqi akt qəbul edilib:

“Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsi hazırlanaraq aidiyyəti dövlət qurumlarına rəy üçün göndərilib, hazırda maraqlı tərəflərin iştirakı ilə geniş ictimai müzakirəsi keçirilməkdədir. Eyni zamanda, heyvan sağlamlığı sahəsində mövcud qanunvericiliyi beynəlxalq tələblərə uyğunlaşdırmaq məqsədilə beynəlxalq ekspertlərin tövsiyələri də nəzərə alınmaqla, “Heyvan sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsi hazırlanıb".

Q.Təhməzli vurğulayıb ki, idxal və ixrac əməliyyatları zamanı qida təhlükəsizliyinə nəzarətin operativ həyata keçirilməsi məqsədilə Qazax rayonunun Gürcüstan Respublikası ilə sərhəd buraxılış məntəqəsinə yaxın ərazisində yaradılmış “Qırmızı körpü” Qida təhlükəsizliyi nəzarəti məntəqəsi lazımi bütün avadanlıqlarla təchiz edilib və fəaliyyətə başlayıb:

"Son illər mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq, respublikamızın insan və heyvan sağlamlığı üçün təhlükə törədən, habelə ətraf mühitdə bioloji təhlükəsizliyin pozulmasına səbəb olan xəstəliklərə görə sağlamlıq statusunun təsdiq edilməsi istiqamətində ciddi işlər aparılıb. Bu çərçivədə Azərbaycan 2024-cü ildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad olma statusu qorunub saxlanılır".

"Əldə edilən bütün bu nailiyyətlər, ölkədə bioloji təhlükəsizliyin təmin olunması istiqamətində aparılan məqsədyönlü tədbirlər, dünyada mövcud olan bir sıra heyvan xəstəliklərindən azad statusların əldə edilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və yeni əlaqələrin qurulması ölkəmizdə istehsal olunan bir sıra qida məhsullarının ixrac potensialı üçün münbit şərait yaradır.

Belə ki, Azərbaycan Respublikasından bir sıra ölkələrə, o cümlədən, Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatlarına ərzaqlıq yumurtanın ixracına başlanılıb", - Q.Təhməzli bildirib.

"Akvakulturada yetişdirilən nərəkimilər cinsindən olan balıqlardan əldə olunmuş kürü məhsullarının Avropa İttifaqı ölkələrinə ixracı üçün icazənin davamlılığı təmin edilib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda qida təhlükəsizliyi sahəsində qarşıya qoyulmuş tədbirlərin icrası uğurla davam etdirilib. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə yaradılacaq heyvan xəstəliklərindən azad zona ilə bağlı təsərrüfatlarda epizootoloji monitorinq və digər zəruri tədbirlər həyata keçirilib", - deyə Q.Təhməzli əlavə edib.

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov bildirib:

"Son illərdə ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilib, dövlət dəstək mexanizmləri gücləndirilib, fermerlərin texnologiya və maliyyə resurslarına çıxışı asanlaşdırılıb.

“Caspian Agro” və bu il yubileyini qeyd edən “InterFood Azerbaijan” sərgiləri artıq illərdir ki, kənd təsərrüfatı və qida sənayesində yerli və xarici şirkətlərin innovativ həllərini, yeni texnologiyalarını təqdim etdiyi mühüm platformalardan biri kimi çıxış edir.

Bu sərgi fermerlər, sahibkarlar, investorlar və mütəxəssislər üçün kənd təsərrüfatı və qida sənayesinin aktual məsələləri barədə fikir mübadiləsi aparmaq, biznes əlaqələri qurmaq və müasir innovasiyalarla tanış olmaq imkanı yaradır.

Fermerlərimizin müasir kənd təsərrüfatı texnikası, dəqiq əkinçilik sistemləri, rəqəmsal idarəetmə vasitələri və ekoloji təmiz istehsal texnologiyaları ilə tanış olması üçün imkanlar yaradılıb", - o qeyd edib.

Nazir müavini bildirib ki, bu il sərgidə süni intellektin tətbiqinə əsaslanan yeni həllər, ağıllı idarəetmə sisteminə əsaslanan avtomatlaşdırılmış texnologiyalar, enerji və resursqoruyucu texnologiyalar, alternativ enerji mənbələrindən istifadə edən avadanlıqlar, iqlim dəyişikliyinə davamlı kənd təsərrüfatı məhsulları və dayanıqlı təsərrüfatçılıq həlləri xüsusi vurğulanır:

"İqlim dəyişikliklərinin təsirlərini azaltmaq, torpaq və su ehtiyatlarından səmərəli istifadəni genişləndirmək və kənd təsərrüfatını daha ekoloji və səmərəli hala gətirmək üçün biz innovativ yanaşmalar tətbiq edirik.
Daha çox rəqəmsal həllərin tətbiqi, elektron kənd təsərrüfatı platformalarının genişləndirilməsi, aqrar sahədə çalışan sahibkarlar üçün maliyyə və sığorta alətlərinin əlçatanlığının artırılması da bu sahədə əsas hədəflərdəndir. Ölkəmizdə yeni bitki sortlarının və heyvandarlıqda məhsuldar cinslərin tətbiqi, müasir texnologiyalar əsasında təsərrüfat modellərinin formalaşdırılması və istehsal proseslərinin avtomatlaşdırılması aqrar sektorun inkişafına müsbət təsir göstərəcəyinə inanırıq.

Builki sərginin əhəmiyyətini artıran mühüm hadisələrə balıqçılıq və akvakultura sahəsinin də sərgidə təmsil edilməsi və II Beynəlxalq Aqrar İnnovasiya Forumunun keçirilməsidir. Caspian Agro sərgisi balıqçılıq və akvakultura sahəsinin də inkişafına dəstək verəcək innovativ həllərin və qabaqcıl texnologiyaların nümayişi üçün mühüm platformadır.

Eyni zamanda, Forum çərçivəsində fermerlər və aqrobiznes nümayəndələri üçün yeni imkanlar açacaq, bilik və təcrübə mübadiləsi aparmaq imkanı yaradacaqdır. Ümid edirəm ki, sərgi kənd təsərrüfatı sahəsində çalışan hər kəs üçün faydalı olacaq, onların təcrübələrini artıracaq və biznes imkanlarını genişləndirəcək".

Xəbər lenti

Xəbər lenti