...

Baku Steel Company intellektual istehsal hədəfinə doğru irəliləyir

İqtisadiyyat Materials 13 May 2025 10:32 (UTC +04:00)
Baku Steel Company intellektual istehsal hədəfinə doğru irəliləyir

Bakı. Trend:

Qafqaz regionunun ən böyük metallurgiya müəssisəsi olan “Baku Steel Company” QSC (bundan sonra – BSC) səmərəliliyin artırılması və ətraf mühitə təsiri azaltmaq məqsədilə ortamüddətli strategiyası çərçivəsində poladəritmə sexində üç yeni qabaqcıl texnologiyanı uğurla tətbiq edib. Bunlara daxildir:

• Ərimə prosesinin enerji səmərəliliyini artıran elektrik-qövs sobasının yeni qaz-oksigen odluqları;

• Elektrodların istehlakını optimallaşdırmağa və ərimə dövrünü azaltmağa imkan verən “Melt Expert” intellektual sistemi;

• Ərimiş poladın sobadan çalova tökülməsi zamanı nəzarətin təkmilləşdirilməsi və poladın keyfiyyətini artırmaq məqsədilə tətbiq edilmiş “SlagMon” avtomatlaşdırılmış şlak tanıma sistemi.

Sözügedən texnologiyalar polad sənayesində dünyanın aparıcı orijinal avadanlıq istehsalçılarından (OEM) biri olan “Primetals Technologies” şirkəti ilə strateji əməkdaşlıq çərçivəsində tətbiq edilib. Bu barədə “Primetals Technologies” şirkətinin rəsmi internet səhifəsində yayımlanan məqalədə qeyd olunub.

Bu müasir texnoloji həllərin tətbiqi nəticəsində BSC istehsalat göstəricilərində və resurslardan səmərəli istifadə sahəsində əhəmiyyətli irəliləyişlərə nail olub. Xüsusilə, Elektrik-qövs sobasının (EAF) istismarı zamanı elektrik enerjisi və elektrod sərfiyyatı optimallaşdırılıb. Bu təkmilləşdirmələr istehsal olunan hər ton polada düşən CO₂ emissiyasının azaldılmasına birbaşa töhfə verir ki, bu da şirkətin əsas dayanıqlılıq hədəflərindən biridir.

BSC istehsal proseslərini müasirləşdirməyə və davamlı, ekoloji cəhətdən məsuliyyətli polad istehsalının inkişafına sadiq qalır.

“Primetals Technologies” - 2015-ci ildə “Siemens VAI Metals Technologies” və “Mitsubishi Heavy Industries” şirkətlərinin birgə müəssisəsi kimi yaradılıb, aparıcı qlobal mühəndislik şirkəti və metallurgiya sənayesi üçün avadanlıq istehsalçısıdır.

BSC - 2001-ci ildə Qafqaz regionunda yaradılmış ilk müasir və ən böyük poladtökmə zavodudur. Burada yüksək keyfiyyətdə armaturlar, katankalar (polad məftil), kvadrat və dairəvi pəstahlar, tikişsiz borular istehsal edilir, həmçinin şvellerlər, künclüklər, ikitavrlar, kvadrat və dairəvi çubuqlar da hazırlamaq mümkündür. Şirkətin Ferroərintilər istehsalat sahəsində isə müxtəlif faiz dərəcəli (FeSi65%, FeSi70%, FeSi75%) və fraksiyalarda (ölçüsü 10-50 mm, 10-100 mm və s.) ferrosilisium (FeSi) istehsal olunur. Nəinki Azərbaycanın, bütün regionun tanınmış brendinə çevrilən BSC-nin məhsulları yerli bazarda böyük tələbatla satılmaqla yanaşı, indiyədək Avropa, Afrika, Amerika və Asiyanın, ümumilikdə, 20-dən çox ölkəsinə ixrac olunub.

Xəbər lenti

Xəbər lenti