Bakı. Trend:
“Azerbaijan Airlines” QSC (AZAL) ekoloji aviasiya yanacağından istifadə imkanlarını araşdırır.
Trend xəbər verir ki, bunu AZAL-ın prezidenti Samir Rzayev Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Bakıda keçirilən Aviasiya Enerji Forumunun gedişində deyib.
“Karbonsuzlaşdırmanın əsas yollarından biri kimi ekoloji aviasiya yanacağından (SAF) istifadəsi imkanlarını da araşdırırıq. SAF üzrə qlobal bazarlar hələ formalaşma mərhələsində olsa da, AZAL “RefuelEU” təşəbbüsü çərçivəsində planlar qurur və hazırda SAF-ın regionumuzda istehsalı və təchizat potensialını qiymətləndirmək üçün texniki-iqtisadi araşdırmalar aparır”,- deyə S.Rzayev bildirib.
O vurğulayıb ki, AZAL-ın məqsədi – SAF-ın geniş şəkildə əlçatan olacağı təqdirdə, onun təhlükəsiz, genişlənə bilən və texniki tələblərə uyğun şəkildə inteqrasiyası üçün infrastrukturun və normativ-hüquqi bazanın hazır vəziyyətə gətirilməsidir.
S.Rzayev əlavə edib ki, AZAL maliyyə qurumları və inkişaf tərəfdaşları ilə fəal əməkdaşlıq edir.
“Təmiz enerji layihələrinin və iqlim amillərini nəzərə alan uzunmüddətli investisiyaların dəstəklənməsi üçün biz davamlı inkişafa bağlı istiqrazlar və dövlət-özəl investisiya sxemləri də daxil olmaqla, yaşıl maliyyələşmə mexanizmlərini araşdırır və səfərbər edirik”, -deyə o qeyd edib.
Onun sözlərinə görə, AZAL karbon tullantılarının azaldılmasına xüsusi önəm verir – yerüstü əməliyyatların elektrikləşdirilməsi, hava limanlarında bərpa olunan enerji mənbələrinə keçid və enerjidən səmərəli istifadəni artıran rəqəmsal sistemlərin inteqrasiyası bu istiqamətdəki əsas prioritetlərdəndir.