...

“Avropa və MDB Poçt Liderlərinin I Forumu”na həsr olunmuş poçt markası buraxılıb (FOTO)

İqtisadiyyat Materials 13 May 2025 10:47 (UTC +04:00)
“Avropa və MDB Poçt Liderlərinin I Forumu”na həsr olunmuş poçt markası buraxılıb (FOTO)
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakıda “Avropa və MDB Poçt Liderlərinin I Forumu” start götürüb.

Trend xəbər verir ki, Ümumdünya Poçt İttifaqı (ÜPİ), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmçinin Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC ilə birgə təşkil edilən forum üç gün – 13-15 may tarixlərində davam edəcək.

“Növbəti üfüqlər: gələcək mükəmməllik üçün elektron ticarət, innovasiya və təchizat zəncirinin naviqasiyası” mövzusuna həsr olunmuş forumda regional müzakirələr və müqayisələr, bilik mübadiləsi və innovasiyalar üçün strateji bir platforma yaradılacaq, müzakirələr qlobal tendensiyalar və rəqəmsal pozuntulara cavab olaraq poçt sektorunun transformasiyasına yönələcək.

Poçt sektorunun inkişafında növbəti mərhələyə keçidi təmin etdiyinə, eləcə də regional əhəmiyyətinə görə tədbirə marka həsr olunması da təşkilatçılar tərəfindən qərara alınıb.

Bu xatirə poçt markasında əks olunan bütün təsvirlər Bakı şəhərini xarakterizə edən elementlərin fonunda təqdim olunub. Bununla da markada Bakının poçt tarixində keçid rolu oynayan tədbirə ev sahibliyi etdiyi göstərilir. Həmçinin markanın mərkəzində yer alan fərqli tərzdə dizayn edilmiş “Alov qüllələri” Azərbaycanın Odlar Yurdu olması ilə yanaşı, tədbirin keçirilmə məkanını da bildirir. “Alov qüllələri”ni əhatə edən təchizat zəncirinin əsas komponentləri – çeşidləmə mərkəzi, yük maşınları, onlayn sifarişlərin icrası üçün elektron cihazlar və s. tədbirin məzmununu əks etdirir.

Rəqəmsal nişanlar, axan oxlar və etiketli yollar e-ticarət və rəqəmsal həllər arasındakı əlaqəni, infrastrukturu və sürəti vurğulayır. “Baku eye” çarxının fonda olması isə bu futuristik mövzunun daima dönən bir prosesdə olmasını izah edir.

Marka Azərbaycanın milli poçt mövqeyini qlobal müasirliklə birləşdirərək rəqəmsal ticarət və “ağıllı” logistika üçün regional mərkəz olmaq arzusunu əks etdirir.

Markalar 4000 tirajla, Belçikanın “Bpost Stamps Production” şirkəti tərəfindən çap edilib.

Xəbər lenti

Xəbər lenti