Bakı. Trend:
Belçika-Azərbaycan Ticarət Palatası (BELGAZERCOM) sentyabrın əvvəlində Bakıya yeni ticarət missiyası təşkil edəcək.
Trend xəbər verir ki, bunu palatanın sədri Stef Qoris Brüsseldə keçirilən biznes tədbirində çıxışı zamanı elan edib.
“Bu missiyada əsas diqqət praktiki əməkdaşlığa yönəldiləcək: müəssissələrə baş çəkmə, hakimiyyət orqanları nümayəndələri ilə brifinqlər, fərdi qaydada seçilmiş B2B görüşlər. Əgər siz logistika, infrastruktur, bərpaolunan enerji, aqrobiznes, əczaçılıq, tullantıların təkrar emalı və ya suların təmizlənməsi kimi sahələrdə işləyirsinizsə - bu sizin sürətlə böyüyən və qlobal iddialı bazarı kəşf etməyiniz üçün düşən bir şansdır. Mən bu gün burada iştirak edən hər bir sahibkarı, investoru və biznes-lideri sentyabr ayında bizə Bakıda qoşulmaq imkanını nəzərdən keçirməyə dəvət edirəm. Siz təkcə bilik yox, həmdə çıxış imkanı əldə edəcəksiniz”, - deyə o bildirib.
Gələcək planlardan danışan Qoris əlavə edib ki, Belçika-Azərbaycan Ticarət Palatası inkişafını davam etdirəcək.
“Biz yeni rəqəmsal alətləri işə salırıq, Flandriya, Valloniya və Brüsseldə şəbəkəmizi genişləndiririk, həmçinin, FIT, AWEX və HUB kimi regional inkişaf və ixrac agentlikləri, sahə federasiyaları və akademik qurumlarla əməkdaşlığı dərinləşdiririk”, – deyə o vurğulayıb.