Bakı. Trend:
Bakıda sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin ("InterFood Azerbaijan") ikinci günü öz işinə başlayıb.
Trend xəbər verir ki, ilk gündə olduğu kimi bu gün də sərgiyə böyük maraq müşahidə olunur.
Belə ki, artıq səhər saatlarından etibarən yerli və xarici sahibkarlar, fermerlər, müxtəlif şirkət nümayəndələri sərgiyə qatılaraq burada nümayiş etdirilən məhsullarla yaxından tanış olmaq fürsəti əldə ediblər.
Qeyd edək ki, bu gün sərgi üzrə heyvandarlıq, süni intellekt və s. sahələr üzrə 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək. Forum çərçivəsində müxtəlif panel müzakirələr - "Heyvandarlığın dayanıqlı inkişaf perspektivləri, çağırışlar və innovativ yanaşmalar", "Süni intellektin aqrar sahədə tətbiqi" forumları təşkil olunacaq.
Bunlarla yanaşı, "Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”sının (CACFish) Texniki Məsləhət Komitəsinin (TAC) yeddinci iclası keçiriləcək.
Qeyd edək ki, Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edən builki “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində 31 ölkədən 450 şirkət iştirak edir.
Sərgilərə Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Cənubi Koreya, Fələstin, Finlandiya, Gürcüstan, Hindistan, İordaniya, İran, İspaniya, İsrail, İsveç, İtaliya, Kanada, Latviya, Misir, Niderland, Özbəkistan, Qazaxıstan, Rusiya, Serbiya, Şri Lanka, Türkiyə, Türkmənistan və Yunanıstandan şirkətlər qatılıb. Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, eləcə də ilk dəfə olaraq Misir Milli Qrupları sərgidə kənd təsərrüfatı və qida sənayesi məhsullarını nümayiş etdirirlər.
Bu il ilk dəfə olaraq dörd gün davam edəcək “Caspian Agro” sərgisində kənd təsərrüfatında tətbiq olunan müasir innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri nümayiş olunur. İştirakçılar Elektron Kənd Təsərrüfatı, robototexnika, pilotsuz uçuş aparatları, IT xidmətləri, süni intellekt, ağıllı kənd, startaplar, alternativ enerji mənbələri, “Green agro” kimi smart bölmələrdə maraqlı məlumatlar əldə edə bilərlər.
Builki sərgidə ilk dəfə olaraq balıqçılıq və akvakultura sahəsi də təmsil olunur. “Caspian Agro” sərgisi balıqçılıq və akvakultura sahəsinin də inkişafına dəstək verəcək innovativ həllərin və qabaqcıl texnologiyaların nümayişi üçün mühüm platformadır.