Bakı. Trend:
Almaniyanın torpağın şumlanmasını həyata keçirən, eləcə də müxtəlif bitkiləri alaq otlarından təmizləyən texnika istehsalçısı məhsullarını Azərbaycan və qonşu ölkə bazarlarına təqdim etmək niyyətindədir.
Bu barədə Bakıda keçirilən sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") çərçivəsində Trend-ə açıqlamasında Almaniyanın "Braun Maschinenbau GmbH" şirkətinin ixrac məsələləri üzrə meneceri Mariakristina Kastaqnotto məlumat verib.
O, ilk olaraq təmsil etidiyi şirkət barədə danışıb:
"Şirkətimiz orqanik sahədə fəaliyyət göstərir. Bu, o deməkdir ki, bizim baxışımıza görə, orqanik qidalanmaq sağlamlıq üçün faydalıdır. Mümkün qədər az pestisid və kimyəvi maddə istifadə etmək yaxşıdır.
Biz bağlarda, xüsusən də üzüm bağlarında torpağın şumlanmasını həyata keçirən, eləcə də, bitkiləri, xüsusən də üzüm tənəklərini alaq otlarından təmizləyən xüsusi texnika istehsalçısıyıq. Ən vacibi isə budur ki, biz bitkinin üst hissəsində də işləyirik ki, məhsulun miqdarını və meyvələrin keyfiyyətini artıraq.
Bir budaqda çox meyvə varsa, o zaman meyvələrin də həcmi çox kiçik olur. Amma əgər düzgün şəkildə budanarsa, o zaman sağlamlıq üçün daha yaxşı nəticə əldə etmək mümkündür. Bütün bu amilləri nəzərə alaraq, biz yeni bir sistem yaratdıq, ixtira etdik, patentləşdirdik. Bu, tam avtomatlaşdırılmış bir sistemdir. Beləliklə, bu texnikamızı idarə etməkdə heç bir problem olmadan, üzüm bağlarınızda və ya digər bağlarınızda müvafiq işləri icra edə bilərsiniz".
"Biz Azərbaycanda biznesimizi genişləndirmək istəyirik. Azərbaycanın zəngin tarixinin olduğunu bilirik, amma texnoloji cəhətdən yeni ölkə hesab edilir. Bilirsiniz, beş il əvvəl hər şey əl ilə edilirdi. Amma indi böyük şirkətlər çox sayda traktorlar alırlar. Mən gördüm ki, Azərbaycanda təkcə bir şirkətdə 5 000 traktor var. Bazar vəziyyətinə görə, düşünürük ki, Azərbaycan və bütün qonşu ölkələr bizim üçün yaxşı bir imkan ola bilər", - deyə şirkət rəsmisi qeyd edib.