Bakı. Trend:
Bank olmayan kredit təşkilatlarının (BOKT) alternativ maliyyələşdirmə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi imkanları müzakirə edilib.
Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu AMB-nin sədri Taleh Kazımovun Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA), ona üzv təşkilatların, eləcə də digər bank olmayan kredit təşkilatlarının rəhbər şəxsləri ilə görüşü zamanı baş tutub.
Görüş zamanı yeni qəbul edilmiş “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə”, cari ilin birinci rübü üzrə bank olmayan kredit təşkilatlarının fəaliyyət nəticələri, eləcə də bu sahədə əldə olunmuş nailiyyətlər və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.
Görüşdə həmçinin BOKT-ləri narahat edən məqamlar, onların alternativ maliyyələşdirmə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və institusional potensialının gücləndirilməsi kimi məsələlər də hərtərəfli müzakirə olunub.