...

Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 7 milyard dollara yaxınlaşır

İqtisadiyyat Materials 19 May 2025 18:32 (UTC +04:00)
Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 7 milyard dollara yaxınlaşır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il ərzində Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət dövriyyəsi 6,893 milyard ABŞ dolları təşkil edib.

Trend-in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 16% və ya 1,3 milyard ABŞ dolları azalıb.

Hesabat dövründə TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 14,5%-nə bərəbər olub.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20% azalaraq, 6,130 milyard dollara, Qırğızıstanla ticarət dövriyyəsi 38,3% azalaraq, 40,064 milyon dollara, Qazaxıstanla ticarət dövriyyəsi 49,8% artaraq, 470,4 milyon dollara, Özbəkistanla ticarət dövriyyəsi isə 41% artaraq, 252,1 milyon dollara bərabər olub.

2024-cü ildə Azərbaycandan Türkiyəyə 232,4 milyon ABŞ dolları dəyərində 430,5 min ton, Özbəkistana isə 434 min ABŞ dolları dəyərində 893 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

Bundan başqa, 2024-cü il ərzində Azərbaycandan Türkiyəyə 542,3 milyon dollar, Qazaxıstana 131,3 milyon dollar, Özbəkistana isə 39,3 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı (TDT) 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış “Naxçıvan Sazişi”nə əsasən yaradılıb. Təşkilat yaradılarkən adı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ)” olub. 2021-ci ildə təşkilatın adına dəyişiklik edilib və hazırda “Türk Dövlətləri Təşkilatı” adı ilə fəaliyyətini davam etdirir.

Azərbaycan Respublikası təşkilatın 4 təsisçi ölkəsindən biridir və hazırda təşkilatın 5 üzv dövləti var: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə.

Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə təşkilatda müşahidəçi statusa malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti