Əlcəzair. Trend:
Orta dəhliz Mərkəzi Asiyada uzunmüddətli iqtisadi artımın faktorlarından birinə çevriləcək.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankı, İslam Bankı İnstitutu və London Fond Birjası Qrupunun İslam İnkişaf Bankının Əlcəzairdə keçirilən İllik Toplantısı çərçivəsində təqdim olunan birgə hesabatında deyilir.
“2024–2025-ci illərdə Mərkəzi Asiya ölkələrinin orta hesabla 5%-dən bir qədər çox iqtisadi artım göstərəcəyi gözlənilir. Regionun uzunmüddətli inkişafına əlavə təkan verəcək amillərdən biri isə Orta dəhliz – Çin ilə Avropa arasında Qazaxıstan üzərindən keçməklə multimodal quru və dəniz əlaqəsi yaradan Transxəzər ticarət marşrutudur. Bu dəhliz, eyni zamanda, Çini Qazaxıstanla həmsərhəd olan Mərkəzi Asiya ölkələri – Qırğızıstan və Özbəkistanla dolayı yolla birləşdirir”, – hesabatda bildirilir.
Regionda müsbət iqtisadi proqnozları dəstəkləyən digər amillər sırasında isə Çinin “Bir kəmər – bir yol” (BRI) təşəbbüsü, Avropa İttifaqının “Qlobal qapı” (Global Gateway) strategiyası (Fanger, 2023), eləcə də “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin(INSTC) Şərq marşrutu qeyd olunur. Bütün bu nəqliyyat dəhlizləri Mərkəzi Asiyanı regional və qlobal ticarət sistemində əsas əlaqələndirici halqaya çevirir.
Hesabat müəllifləri bildirirlər ki, əlverişli iqtisadi şərait və İslam maliyyə məhsul və xidmətlərinə artan maraq fonunda Mərkəzi Asiyada İslam maliyyəsinin inkişaf perspektivləri ümidverici görünür.