Bakı. Trend:
Dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar olunmuş inzibati xəta haqqında iş üzrə çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətə baxılma qaydaları müəyyənləşdirilir.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, barəsində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış fiziki şəxs və ya vəzifəli şəxs qərarla razılaşmadığı hallarda həmin qərar ona bu rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə biləcək. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə elektron qaydada göndərilə biləcək.
Dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar olunmuş inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərarlardan şikayət verildikdə yuxarı səlahiyyətli orqan araşdırma (vəzifəli şəxs) aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edərsə, inzibati xəta haqqında iş üzrə elektron qərarı ləğv edəcək, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə elektron qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edəcək.
Yuxarıdakı qərarlar müvafiq səlahiyyətli orqanın informasiya sistemində yerləşdiriləcək və həmin qərar “İCMAL” informasiya sisteminə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürüləcək.
Qanun qəbul ediləcəyi təqdirdə, 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.