Bakı. Trend:
Geosiyasi çağırışlar artan şəkildə inkişaf və logistikanı pozur.
Trend xəbər verir ki, bunu Özbəkistan Respublikası İnvestisiya, Sənaye və Ticarət Nazirliyi yanında İnvestisiya Təşviqi Agentliyinin İcraçı direktoru Mansurjon Razulev Bakıda keçirilən AQEM-in Biznes Şurasının 8-ci Plenar İclasında videoformatda çıxışı zamanı deyib.
"Düşünürəm ki, dövlətin bankçılıq, istehsalat və xidmət sahələrindəki aktivlərini özəlləşdirmək istiqamətində gördüyü işlər beynəlxalq investorlar üçün imkanlar yaradır. Bu isə hazırda KOB-lar üçün mövcud olan bazar payını məhdudlaşdırır.
Özbəkistan Respublikası İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnvestisiyaların Təşviqi Agentliyində bizim missiyamız ölkəyə xarici investisiyaların cəlb olunmasını təşviq etməkdir. Bu sahədə əsas prioritetlərimizdən biri xarici və yerli şirkətlər arasında əməkdaşlıqların qurulmasıdır.
Biz inanırıq ki, Özbəkistanda sürətli şəkildə biznes qurmağın ən yaxşı yolu yerli KOB-larla tərəfdaşlıq etməkdir. Bir çox investisiya təşviqi agentlikləri və nazirliklər ölkəyə investorları cəlb etmək üçün layihələr yaratmağa çalışır. Lakin biz hesab edirik ki, ən düzgün yol ölkədəki özəl sektorda fəaliyyət göstərən KOB-larla işləmək, onlara cəlbedici investisiya layihələri yaratmaqda dəstək olmaq və həmin layihələri beynəlxalq investorlar üçün təqdim etməkdir. Bu yanaşma nəticəsində beynəlxalq tərəfdaşlar daha şəxsi və etibarlı əlaqə qura bilirlər", - o qeyd edib.
Onun sözlərinə görə, onlar “şəxsiyyət”lə tanış olur və etimad formalaşdıqdan sonra Özbəkistanda biznes qurmaq daha asan və sürətli olur. Beləliklə, yeni bazara daxil olmaqla bağlı səhvlərdən qaçmaq mümkün olur:
"Bu fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, bəzi regional təşəbbüslər dayanıqlı inkişafı təşviq edir. Geosiyasi çağırışlar artan şəkildə inkişaf və logistikanı pozur. Yaşıl investisiyaların həyata keçirilməsi siyasətçilər üçün mühüm alətə çevrilir və qısa müddətdə münaqişələrin mənfi təsirlərini azaltmaqla yanaşı, uzunmüddətli diversifikasiya və risklərin azaldılmasında vacib rol oynayır. Burada mən diqqəti Orta Dəhlizə çəkirəm".