Bakı. Trend:
Azərbaycan və Qazaxıstan öz fond bazarlarının dərinliyini artırmaq və daha çox iştirakçı cəlb etmək məqsədilə bu bazarların inteqrasiyasını planlaşdırırlar.
Trend xəbər verir ki, bunu Bakı Fond Birjasının baş kommersiya direktoru, idarə heyəti sədrinin müavini Oktay Qasımov Bakıda keçirilən “KASE Day in Baku” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son illərdə BFB ilə Qazaxıstan Fond Birjası (KASE) arasında qarşılıqlı təcrübə və ən yaxşı təcrübələrin mübadiləsinə əsaslanan davamlı tərəfdaşlıq qurulub.
“Biz mütəmadi olaraq ikitərəfli səfərlər həyata keçirir, birgə tədbirlərdə iştirak edir və əməkdaşlıq istiqamətlərini aktiv şəkildə müzakirə edirik. Diqqət mərkəzində birja məlumatlarının ötürülməsi, kross-listinq və sponsorlu listinq dayanır. Bütün bunlar bazarların dərinləşdirilməsi və iştirakçı dairəsinin genişləndirilməsi məqsədinə xidmət edir”,- deyə Qasımov vurğulayıb.
O qeyd edib ki, fond bazarlarının uğurlu inkişafı yalnız yüksək şəffaflıq, məlumat əlçatanlığı, likvidlik və həm investorlar, həm də emitentlər tərəfindən aktiv iştirak şəraitində mümkündür.
“Kapital bazarının effektivliyi onun bütün iştirakçıları arasında keyfiyyətli qarşılıqlı əlaqə və mövcud, etibarlı birja alətləri vasitəsilə investisiya strategiyalarının reallaşdırılması imkanları ilə müəyyən olunur”, - BFB-nin nümayəndəsi əlavə edib.