Bakı. Trend:
Azərbaycanda sadələşdirilmiş vergitutma rejimində işləyən vergi ödəyicilərinin bəyannamələrinin göndərilməsinin asanlaşdırılması üzərində də hazırda intensiv işlər aparılır.
Trend-in xəbərinə görə, bu barədə biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” İşçi qrupunun növbəti iclasında məlumat verilib.
Bildirilib ki, iclasda Dövlət Vergi Xidməti, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Auditorlar Palatası, eləcə də İşçi qrupuna daxil olan konsaltinq şirkətlərinin nümayəndələri və sahibkarlar iştirak ediblər.
“Vergi və hesabatlılıq” İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib. İclasda “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsinin 1-ci rübü ərzində, habelə ondan sonrakı dövrdə görülən işlər barədə məlumat təqdim olunub. Qeyd olunub ki, ötən müddət ərzində vergi ödəyiciləri üçün bir sıra yeni xidmətlər istifadəyə verilib.
DVX-nin Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə İşçi qrupunun üzvlərini məlumatlandırıb, ötən müddət ərzində həyata keçirilən təhlil, araşdırmalar və Ombudsman xidmətinin əsas fəaliyyət prinsiplərini diqqətə çatdırıb.
İclasda İşçi qrupunun üzvləri və konsaltinq şirkətlərinin nümayəndələri onları maraqlandıran məsələlərlə bağlı suallar ünvanlayıblar.
İclasda 2025-ci il üzrə Yol Xəritəsinin hədəfləri üzrə nəzərdə tutulan işlər də müzakirə olunub. İlin sonunadək Yol Xəritəsi üzrə qarşıda duran hədəflərin icrası istiqamətində işlərin sürətləndirilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin müvafiq strukturlarına tapşırıqlar verilib.