Bakı. Trend:
Gəlirlər bölməsində sadələşdirilmiş vergi ilə bağlı bir bölmə var, orda qeyd olunur ki, 382,9 milyon manat sadələşdirilmiş vergilər üzrə gəlirlər dövlət büdcəsinə daxil olub. Bu gəlirlərin isə cəmi 211 milyon manatı hüquqi şəxslər, 171 milyon manatı isə fiziki şəxslər və fərdi sahibkarlar tərəfindən ödənilən vergi məbləği olub.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov komitənin bugünkü iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, ölkəmizdə hardasa 1,6 milyon vergi ödəyicisi var və bu vergi ödəyiciləri 12,8 faizi hüquqi şəxslərdir.
“Fiziki şəxslərin ümumi çəkisi vergi ödəyicilərinin çəkisindən daha da çoxdur, amma ödəmələrdə isə çox yüksək ödənişi görmürük. Bunun üçün Vergi Məcəlləsində müvafiq dəyişikliyin edilməsinin vacib olduğunu hesab edirəm. Çünki 2015-ci ildə qanunvericiliyə edilmiş dəyişikliyə görə, sadələşdirilmiş vergi ödəyiciləri üçün müəyyən olunmuş hədd, yəni ardıcıl olaraq 12 ay ərzində 200 min manat müəyyən olunub. Bu müddətin üzərində 10 ilə yaxın vaxt keçib, devalvasiyalar da baş verib, malların və xidmətlərin qiymətləri də kifayət qədər artıb, bu da sadələşdirilmiş vergi ödəyicilərinin öz fəaliyyətlərini şəffaf şəkildə təqdim etmələrində müəyyən qədər çətinliklərlə üzləşməsinə yol açır. Bu baxımdan hesab edirəm ki, bu gün artıq 200 min manat müəyyən olunan həddin artırılmasına ehtiyac var. Bu, Vergi Məcəlləsində müvafiq dəyişiklik edilərək həyata keçirilməlidir”, - deyə A.Badamov qeyd edib.
Maliyyə naziri Sahil Babayev millət vəkilinin fikrinə cavab olaraq bildirib ki, sadələşmiş vergi ilə bağlı 200 min manat həddindəki limitin artırılması ilə bağlı təkliflər hökumətə təqdim edilib:
"Sadələşmiş vergi məsələsi üzrə işlər davam edir. Hazırda hökumətdə müzakirə olunan layihələrdən biri də 200 min manat limitin artırılmasıdır. Yeni mexanizm təklif edilir. Əgər sadələşdirilmiş vergi ödəyicisi öz dövriyyəsinin bəlli hissəsini nağdsız əməliyyatlarla icra edirsə, onda onun limiti 50% artırıla bilər. Bu təklif var, vergi orqanları ilə nazirlik tərəfindən müzakirə aparılır".