Bakı. Trend:
Azərbaycanda insan kapitalının inkişafının prioritet elan olunmasına rəğmən 2024-cü ildə elm xərclərinə proqnozlaşdırılandan 38,9 milyon manat az vəsait ayrılıb. Bu, proqnoza nisbətən 16,5 % az xərcləmə və Azərbaycanda elm xərclərinin ÜDM-dəki payının 0.2 % olması deməkdir.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov komitənin bugünkü iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili vurğulayıb ki, ötən il ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 485 milyon manat vəsait sərf edilib ki, bu da 2023-cü illə müqayisədə 28 milyon manat və ya 6,1 % çoxdur:
“Aqrar sektora ayrılan vəsaitlərin əhəmiyyətli hissəsi birbaşa subsidiyalara yönəldilir. Fermerlərin xərclərinin bir hissəsinin dövlət tərəfindən ödənilməsi olduqca müsbət haldır və kənd təsərrüfatında dövlət dəstəyini nümayiş etdirir. Bununla yanaşı, hələ də ÜDM-in cəmi 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın payına düşür. Bu baxımdan subsidiyaların gəlir effektinin ayrıca qiymətləndirilməsi məqsədəuyğun olardı”.
Deputat bildirib ki, 2024-cü ildə 55 publik hüquqi şəxsə dövlət büdcəsindən 958,5 milyon manat məbləğində vəsait ödənilib ki, bu da 2023-cü illə müqayisədə 516,4 milyon manat və ya 2,2 dəfə çoxdur:
“Bu o deməkdir, 55 publik hüquqi şəxslərə ödənilən vəsait artıq 1 milyard manata yaxınlaşır və bu baxımdan bu vəsaitlərin də səmərəlliyinin qiymətləndirilməsi və gəlir effektinin hesablanması məqsədəuyğundur. 2024-cü ildə də ənənəvi olaraq büdcə xərcləmələrində sonuncu rübün və eləcə də dekabr ayının, yəni sonuncu ayın payı müqayisəli olaraq çoxdur. Ötən il büdcə vəsaitinin 17,7 %-i, yəni 6 674 000 manat ilin sonuncu ayında xərclənib. Bu isə vəsaitlərin aylar üzrə diferensial səmərəliyini məsələsini daha da aktuallaşdırır. Eyni zamanda, aylar üzrə proqnozlaşdırma ilə icra arasında da əhəmiyyətli kənarlaşmalar müşahidə edilib və bu da fiskal poqnozlaşdırmanın metodologiyasına yenidən baxılmasını da prioritetləşdirir”.