Bakı. Trend:
“Meydan” və “Qamışlı” kiçik su elektrik stansiyalarında (KSES) indiyədək istehsal edilən elektrik enerjisinin həcmi məlum olub.
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, faəliyyətə başladığı dövrdən bu ilin may ayınadək “Meydan” KSES-də 11,4 mln. kVt·st, “Qamışlı” KSES-də isə 26,2 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Qeyd edək ki, 2023-cü ilin 27 may tarixində Kəlbəcər rayonunda inşa edilmiş “Meydan” və “Qamışlı” kiçik su elektrik stansiyaları (KSES) istismara verilib.
Ümumi gücü 3,4 MVt olan “Meydan” KSES hər biri 1,7 MVt gücündə 2 ədəd hidroaqreqatdan, ümumi gücü 6,3 MVt olan “Qamışlı” KSES isə hər biri 3,15 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarətdir.
KSES-lər ekoloji cəhətdən daha təmiz elektrik enerjisi istehsal etdiyi üçün yaşıl enerji mənbəyi hesab olunur və enerjinin istehsalı zamanı atmosferə istixana effekti yaradan qazları atmayan elektrik enerjisi müəssisəsidir.