Bakı. Trend:
Bu ilin mayın 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşunun (bank və qeyri-bank birlikdə) həcmi 29,898 milyard manat təşkil edib.
Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata görə, banklar və qeyri-banklar tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşunun həcmi bir ay əvvələ nisbətən 219,4 milyon manat və ya 0,7%, 2024-cü ilin mayın 1-nə nisbətən isə 3,9 milyard manat və ya 15,1% artıb.
Hesabat dövründə kredit qoyuluşunun 7,3 milyard manatı dövlət banklarının payına düşüb ki, bu da aylıq müqayisədə 45,9 milyon manat və ya 0,6%, illik müqayisədə isə 1,1 milyard manat və ya 18,1% artım deməkdir.
Bəhs olunan dövrdə iqtisadiyyata kredit qoyuluşlarının 20,775 milyard manatı özəl bankların payına düşüb. Bu isə cari ilin aprelin 1-nə olan göstərici ilə müqayisədə 173,5 milyon manat və ya 0,8%, ötən illin mayın 1-nə olan göstəriciyə nisbətən isə 2,3 milyard manat və ya 12,6% çoxdur.
Bundan başqa, bu ilin mayın 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşlarının qeyri-bank kredit təşkilatlarına düşən payı 1,8 milyard manat olub ki, bu da, aylıq müqayisədə dəyişməz qalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 462,2 milyon manat və ya 34,5% çoxdur.
Qeyd edək ki, hesabat dövründə dövlət bankları tərəfindən kredit qoyuluşu ümumi kredit qoyuluşunun 24,5%-ni, özəl banklar tərəfindən kredit qoyuluşu ümumi kredit qoyuluşunun 69,5%-ni, bank olmayan kredit təşkilatları tərəfindən qoyulan kredit qoyuluşu ümumi kredit qoyuluşunun 6%-ni təşkil edib.