Bakı. Trend:
Depozit hərraclarının keçirilmə tarixləri və məbləğləri xəzinə qalığının vəziyyəti, yəni dövlət büdcəsinin gəlir və xərclərinin icrası nəzərə alınmaqla müəyyən edilir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Maliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, depozit hərracları vasitəsilə əldə olunan faiz gəlirləri tamamilə dövlət büdcəsinin gəlirlərinə aid edilir:
“Dövlət büdcəsinin gəlir və xərcləri icrası nəticəsində xəzinə qalığı yaranacağı təqdirdə həmin vəsait "Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsi Qaydaları"na uyğun olaraq dövlət büdcəsinə əlavə gəlir gətirilməsi üçün idarə edilir”.
“Depozit hərraclarında iştirak edən bankların müəyyən olunması meyarları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 aprel tarixli 62 nömrəli qərarı ilə təsdiq olunmuş "Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsi Qaydaları"na əsasən müəyyən olunub.
Depozit hərracları dövlət büdcəsinin vəsaitlərinin daha səmərəli və çevik idarə olunmasına xidmət edir. Büdcədə yaranan müvəqqəti sərbəst vəsaitlərin dövriyyəyə cəlb olunması bir tərəfdən büdcə gəlirlərinin artırılmasına kömək edir, digər tərəfdən isə bank sektorunda likvidliyin artmasına töhfə verir”, - deyə məlumatda qeyd edilib.