Bakı. Trend:
Cari ilin aprel ayının sonuna Azərbaycanda orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,904 milyard manat təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi cari ilin mart ayının sonu ilə müqayisədə 66 milyon manat və ya 3,3% azalıb.
Belə ki, mart ayının sonunda Azərbaycanda orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,970 milyard manat idi.
Qeyd edək ki, bu ilin aprel ayının sonunda Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,952 milyard manat olub. Bu göstərici əvvəlki ayın sonu ilə müqayisədə 17,7 milyon manat və ya 0,12% çoxdur. Belə ki, cari ilin mart ayının sonunda Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,935 milyard manat olmuşdu.
Biznes kredit portfelinin 984,7 milyon manatını dövlət fondları hesabına formalaşan kreditlər təşkil edib.
Xatırladaq ki, cari ilin 1 aprel tarixinə ölkədə fəaliyyət göstərən orta sahibkarlıq subyektlərinin sayı 4,1 min ədəddir. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 2,1%-ini orta sahibkarlıq subyektləri təşkil edib və onların əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (34,6%), “Tikinti” (15,4%), “Emal sənayesi” (11,3%) və “Peşə, elmi və texniki fəaliyyət” (4,9%) sahələrində yaradılıb.