Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycanla Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasındakı ticarət dövriyyəsinin həcmi 3,883 milyard ABŞ dolları olub.
Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 783,5 milyon ABŞ dolları və ya 25,3% çoxdur. Belə ki, 2024-cü ilin birinci yarısında Azərbaycanla MDB ölkələri arasındakı ticarət dövriyyəsinin həcmi 3,1 milyard ABŞ dolları olmuşdu.
Birinci yarımildə MDB ölkələrinə ixracın həcmi 858,153 milyon ABŞ dolları olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 58,484 milyon ABŞ dolları, yaxud da 7,3% çoxdur. Bu ölkələrdən idxalın həcmi isə 3,025 milyard ABŞ dolları təşkil edib ki, bu da, illik müqayisədə 725 milyon ABŞ dolları və ya 31,5% çoxdur.
Ötən ilin birinci yarısında Azərbaycandan MDB ölkələrinə ixracın həcmi 800 milyon ABŞ dolları, idxalın həcmi isə 2,3 milyard ABŞ dolları təşkil etmişdi.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur. Ötən ilin eyni dövründə Azərbaycan xarici ölkələrlə 21,768 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparmışdı. Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.
Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.