Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasındakı ticarət dövriyyəsinin həcmi 10,462 milyard ABŞ dolları olub.
Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,933 milyard ABŞ dolları və ya 22,7% çoxdur. Belə ki, 2024-cü ilin birinci yarısında Azərbaycanla Aİ ölkələri arasındakı ticarət dövriyyəsinin həcmi 8,529 milyard ABŞ dolları olmuşdu.
Birinci yarımildə Aİ ölkələrinə ixracın həcmi 9,039 milyard ABŞ dolları olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,763 milyard ABŞ dolları, yaxud da 24,2% çoxdur. Bu ölkələrdən idxalın həcmi isə 1,423 milyard ABŞ dolları təşkil edib ki, bu da, illik müqayisədə 170 milyon ABŞ dolları və ya 13,6% çoxdur.
Ötən ilin birinci yarısında Azərbaycandan Aİ ölkələrinə ixracın həcmi 7,276 milyard ABŞ dolları, idxalın həcmi isə 1,253 milyard ABŞ dolları təşkil etmişdi.
Cari ilin hesabat dövründə Aİ ölkələrinə ixrac ümumi ixracın 70,19%-ini, idxal isə ümumi idxalın 12,35%-ini təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur. Ötən ilin eyni dövründə Azərbaycan xarici ölkələrlə 21,768 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparmışdı. Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.
Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.