Bakı. Trend:
Bakı-Tbilisi-Ceyhan boru kəməri boyunca bütün obyektlərdə neftin keyfiyyətinə dair hərtərəfli qiymətləndirmənin nəticələri göstərdi ki, Ceyhan terminalına qədər boru kəmərinin bütün sahələrində Azərbaycan nefti texniki spesifikasiyaların tələblərinə cavab verir.
Bu barədə Trend-in BP Plc və İtaliyanın “Eni” şirkəti tərəfindən Azərbaycan neftində üzvi xloridlərin aşkar olunması haqda yayılmış informasiya ilə bağlı sorğusuna cavab olaraq "bp Azerbaijan" şirkətindən bildirilib.
“BTC Co” bəzi BTC blend neft partiyalarında üzvi xloridlərin tərkibi ilə bağlı keyfiyyət probleminin mümkünlüyü barədə məlumatlandırılıb. Bundan sonra “BTC Co” boru kəməri boyunca bütün obyektlərdə neftin keyfiyyətinə dair ətraflı qiymətləndirmə aparıb. "BTC Co" boru kəməri boyunca bütün obyektlərdə qiymətləndirməni tamamlayıb. Nəticələr göstərib ki, neft boru kəmərinin bütün hissələrində Ceyhan terminalına qədər spesifikasiya tələblərinə cavab verir”, – deyə "bp Azerbaijan" şirkətindən bildirilib.
Şirkət qeyd edib ki, Ceyhan terminalında da anbarların vəziyyəti qiymətləndirilib:
“Nəticələr bəzi anbarlarda üzvi xloridlərin olduğunu göstərib. Bununla bağlı müvafiq tədbirlər görülüb. Hazırda problemin tam aradan qaldırılması və vəziyyətin araşdırılması üçün planlar hazırlanır. Hazırda Ceyhan terminalında yalnız neftin spesifikasiyalara uyğun olduğu anbarlardan yükləmələr davam edir. BTC boru kəməri vasitəsilə ixrac fəaliyyəti də davam edir”.
"bp Azerbaijan" əlavə edib ki, “BTC Co” Ceyhan terminalında hər bir yükləmədən əvvəl neft nümunələrinin götürülməsini davam etdirəcək, bununla da hər partiyanın müəyyən olunmuş spesifikasiyalara uyğunluğunu təmin edəcək.
Xatırladaq ki, bundan əvvəl bəzi media orqanlarında Bakı–Tbilisi–Ceyhan neft kəməri ilə nəql olunan neftin üzvi xloridli yanacaqla çirkləndiyi barədə məlumatlar yayılmışdı. Bildirilirdi ki, bu maddələr xammalın hasilatını artırmaq məqsədilə istifadə olunur. Bu barədə “BP Plc” və İtaliyanın “Eni” şirkəti məlumat vermişdi.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına görə, Bakı–Tbilisi–Ceyhan neft kəməri istismara verildiyi vaxtdan bu ilin 1 iyul tarixinədək Azərbaycan neftinin ümumi ixrac həcmi 612,2 milyon ton təşkil edib.
Hazırda kəmərlə, əsasən, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil olunan neft və “Şahdəniz”dən çıxarılan kondensat nəql olunur. Bundan əlavə, kəmərlə Xəzərin digər bölgələrindən – Qazaxıstan, Türkmənistan və həmçinin, SOCAR tərəfindən Azərbaycanda hasil edilən əlavə neft və kondensat həcmləri də daşınmaqda davam edir.
"BTC Co" şirkətinin səhmdarları aşağıdakılardır: bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), “Eni” (5,00%), “TotalEnergies” (5,00%), ITOCHU (3,40%), “ONGC Videsh” (3,10%), “ExxonMobil” (2,50%) və INPEX (2,50%).