Bakı. Trend:
Bu ilin 1 iyul tarixinə Azərbaycanın valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 77,7 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 15,5 dəfə üstələyir.
Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu ilin iyulun 1-i vəziyyətinə Azərbaycanın xarici dövlət borcu 5.010 milyard ABŞ dolları və ya 2025-ci il üzrə 130.662 milyard manat (76.860,3 milyon ABŞ dolları) məbləğində proqnozlaşdırılan ÜDM-in 6,5 faizini təşkil edib.
Qeyd edilib ki, xarici dövlət borcunun 49,9 faizi 5 ilə qədər olan müddətdə, 44,1 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 6,0 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
1 iyul 2025-ci il tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olub: ABŞ dolları – 85,1 faiz, avro – 6,5 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,4 faiz, yapon yeni – 3,3 faiz, digər valyutalar – 1,7 faiz.