Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycanla Gürcüstan arasında ticarət əməliyyatlarının həcmi 377,2 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 79,5 milyon ABŞ dolları və ya 25,1% çoxdur.
Hesabat dövründə Gürcüstan ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,62%-i həcmində olub.
Cari ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana 329,7 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 57,4 milyon ABŞ dolları və ya 21,1% çoxdur.
Eyni zamanda, 2025-ci ilin yanvar-iyun aylarında Gürcüstandan Azərbaycana 66,2 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 22,1 milyon ABŞ dolları və ya 50% artım deməkdir.
Bundan başqa, 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycandan Gürcüstana 154,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu isə 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 41 milyon ABŞ dolları və ya 36,1% çoxdur.
Hesabat dövründə Gürcüstana qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracında 8,82% paya sahib olub. Bununla da Gürcüstan Azərbaycanda ən çox qeyri-neft məhsulları alan ölkələr sırasında 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.
Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb. Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.