Bakı. Trend:
2025-ci ildə yeddi ay ərzində Azərbaycan ərazisindən Çindən göndərilmiş 225 konteyner bloku keçib – bu ötən ilin analoji dövrü ilə müqayisədə iki dəfə çoxdur. Proqnozlara görə, ilin sonuna kimi onların sayı 400-ü ötəcək.
Trend xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey Bakıda keçirilən brifinqdə deyib.
Bu ilin əvvəlindən etibarən Pekin, eləcə də, Şansi, Quandun və Çjetszyan əyalətlərindən Trans-Xəzər marşrutu ilə Azərbaycan üzərindən Avropaya yönələn Çin–Avropa qatarları uğurla yola salınıb. “Sabah mən Çjetszyan əyalətindən Bakıya gələcək Çin–Avropa yük qatarının qəbulu mərasimində iştirak edəcəyəm”, -deyə diplomat qeyd edib.
Onun sözlərinə görə, Çin tərəfi, həmçinin, “Bir kəmər, bir yol” təşəbbüsünün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə sürətlə inteqrasiyasını fəal şəkildə təşviq edir ki, bu da Pekinlə Bakı arasında əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar açır.
Səfir əlavə edib ki, iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq sabit artım dinamikası nümayiş etdirir.
“Rəsmi statistika göstərir ki, cari ilin ilk yeddi ayında Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi 2,45 milyard dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz çoxdur. İllik ticarət dövriyyəsinin rekord səviyyəyə yüksələcəyi gözlənilir. Hazırda Çin Azərbaycanın ticarət tərəfdaşları arasında dördüncü yeri tutur və əsas idxal mənbəyidir”, - Lu Mey vurğulayıb.