Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin icrası üzrə aylıq hesabatlara əsasən, daxili borclanmadan və məqsədli büdcə fondlarının qalığından kəsirin maliyyələşdirilməsi mənbələri üzrə müvafiq olaraq 989 milyon manat və 9,6 milyon manat proqnoza qarşı 0% icra qeydə alınıb.
Bu barədə Trend Hesablama Palatasının "2025-ci ilin altı ayı üzrə dövlət büdcəsinin icrasının təhlilinə dair yarımillik məlumata xülasə"nə istinadən xəbər verir.
Bildirilib ki, vahid xəzinə hesabının sərbəst qalığından kəsirin maliyyələşdirilməsi üçün 45 milyon manat proqnozlaşdırılıb, lakin 76,9 milyon manat maliyyələşdirmə həyata keçirilib.
Qeyd edək ki, 2025-ci ilin 6 ayı üzrə dövlət büdcəsinin gəlirləri 19,099 milyard manat, xərcləri 17,276 milyard manat, profisit isə 1,823 milyard manat nəzərdə tutulub, gəlirlər 19,804 milyard manat, xərclər 17,096 milyard manat icra edilib. Nəticədə 2,708 milyard manat profisit yaranıb ki, bu da proqnozlaşdırılan göstərici ilə müqayisədə 885 milyon manat çoxdur.