Bakı. Trend:
Azərbaycanı xarici iqtisadi mövqeyi, karbohidrogen qiymətlərindəki dəyişkənliklərə baxmayaraq, sabit qalıb.
Trend bu barədə Asiya İnkişaf Bankına (AİB) istinadən xəbər verir.
“Maliyyə gəlirlərinin yüksək olması büdcə profisitini qorumağa imkan verib. 2025-ci ilin birinci yarısında gəlirlər 2024-cü ildəki ÜDM-in 31,4 faizindən 31,9 faizə yüksəlib, bu isə vergi yığımının artması və Dövlət Neft Fondunun köçürmələrinin çoxalması ilə bağlıdır. Xərclər isə 2024-cü ildə ÜDM-in 26,8 faizindən 2025-ci ildə 27,5 faizə yüksəlib, o cümlədən əsaslı xərclər 11,1 faiz, cari xərclər isə 7,5 faiz artıb. 2025-ci ilin ilk altı ayında büdcə profisiti ÜDM-in 4,4 faizini təşkil edib”, - deyə hesabatda bildirilir.
AİB-in məlumatına görə, ölkənin xarici iqtisadi mövqeyi, neft və qaz qiymətlərindəki qeyri-sabitliyə baxmayaraq, güclü olaraq qalır. 2025-ci ilin birinci rübündə cari hesab 1,1 milyard dollar profisitlə bağlanıb ki, bu da ÜDM-in 6,5 faizi deməkdir.
“Əmtəə ticarətinin həcmi 10 milyard dollar təşkil edib, bunun 6,2 milyard dolları ixrac, 3,8 milyard dolları isə idxaldır. Neft-qaz sektorundakı profisit digər məhsullar üzrə kəsiri kompensasiya edərək ümumi 2,5 milyard dollarlıq ticarət profisitini təmin edib. Qeyri-neft məhsullarının ixracı 11,8 faiz, idxal isə 8,2 faiz artıb. Bununla yanaşı, pul köçürmələri 22 faiz azalıb. Xidmətlər balansı isə kəsirli qalıb: ixrac 19,9 faiz artsa da, idxal 24,1 faiz yüksəlib”,- deyə hesabatda qeyd olunur.