Bakı. Trend:
Bakıda “PASHA Holding”in təşkilatçılığı ilə innovasiyalar, investisiyalar və əməkdaşlığa həsr olunmuş “INMerge Innovation Summit”in ikinci günü öz işinə başlayıb.
Bu barədə Trend məlumat verir.
Sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır
INMerge dövlət qurumlarının, korporasiyaların, investorların, startapların və ekosistem iştirakçılarının Azərbaycandan, Türkiyədən, Gürcüstandan, Qazaxıstandan və Özbəkistandan nümayəndələrini bir araya gətirir. Bu il sammit 5 000-dən çox iştirakçı, 150 spiker, 100 startap və 80-dən artıq vençur fondu cəm edərək əməkdaşlıq və inkişaf üçün geniş imkanlar yaradıb.
Proqram səkkiz əsas istiqaməti əhatə edib — fintex və məsuliyyətli bankçılıqdan tutmuş “Data & AI”, Sənaye 4.0, telekommunikasiya, marketinq, e-ticarət və investisiyalara qədər. Birinci gündə “Pixar”ın həmtəsisçisi Ed Ketmull, “OpenAI” şirkətində Go-to-Market istiqamətinin keçmiş rəhbəri Zak Kass və Harvard Biznes Məktəbinin professoru Tarun Xanna kimi dünya liderləri çıxış ediblər.
Açılış mərasimində isə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “PASHA Holding”in baş icraçı direktoru Cəlal Qasımov və PASHA Holding-in innovasiyalar departamentinin rəhbəri Tuğra Musayeva çıxış ediblər.
Xəbər yenilənir