Bakı. Trend:
Azərbaycanın müasir su idarəetməsi və suya davamlılıq sistemini qurmaq məqsədilə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" hazırlanır. Bu strategiyanın əsas məqsədi ölkəmizin su resurslarını səmərəli və davamlı şəkildə idarə etmək, nəzarət etmək və qorumaqdır.
Trend xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Strategiya, Beynəlxalq Əməkdaşlıq və Elmi-Tədqiqatlar departamentinin müavini, Elm və İnnovasiya sektorunun rəhbəri Əliağa Əzizov Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı bildirib.
O, strategiyanın əsas prinsipləri və hədəflərini sadalayıb:
"Bütün problemlər su resurslarının düzgün qiymətləndirilməsi ilə başlayır. Bu istiqamətdə hidrologiya və hidrogeologiya üzrə tədqiqatların aparılması, araşdırmalardan əldə edilən məlumatların toplanması, həmçinin real vaxt rejimində məlumatların toplanması üçün sensor və avtomatlaşdırılmış texnologiyaların tətbiqi vacibdir".
Agentlik rəsmisi növbəti addım kimi səmərəli su idarəetməsi modelindən danışıb:
"Bu, Azərbaycanın bütün su hövzələrinin – həm sərhəd çaylarının, həm də daxili çayların – inteqrasiya olunmuş idarəetməsi deməkdir. Eyni zamanda çay hövzələri üzrə planlaşdırma və idarəetmə əsas prinsiplərdən biridir. Bu, xüsusilə kənd təsərrüfatına su bölgüsünün düzgün həyata keçirilməsi üçün vacibdir, çünki kənd təsərrüfatı Azərbaycanda suyun əsas istehlakçısıdır".
Ə. Əzizov həmçinin qeyd edib ki, su resurslarından səmərəli və effektiv istifadə də diqqət yetiriləcək məqamlardandır:
"Azərbaycanda içməli və suvarma sistemlərində müəyyən su itkisi və sızmalar mövcuddur. Strategiyanın hədəflərindən biri 2040-cı ilə qədər bu itkilərin minimuma endirilməsidir. Həmçinin, içməli su sistemlərində 100%-lik su sayğaclarının quraşdırılması təmin olunacaq".
Agentlik resmisi regionların su potensialından istifadə imkanlarından da bəhs edib:
"Qarabağ və Şərqi Zəngəzur bölgələrinin su potensialının səmərəli istifadəsi strateji əhəmiyyət kəsb edir. Bu bölgələrdə su təhlükəsizliyinin təmin olunması üçün çoxsaylı layihələr həyata keçirilir.
Bütün bu prinsiplər və hədəflər uzunmüddətli olub 2040-cı ilə qədər həyata keçirilməsi planlaşdırılır".