Bakı. Trend:
Qazaxıstanın Almatı şəhərində “Yeni İpək Yolu” VII Beynəlxalq Nəqliyyat və Logistika Biznes Forumu keçirilib.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, beynəlxalq tədbirdə Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Beynəlxalq nəqliyyat əməkdaşlığının gücləndirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı və regional logistika potensialının reallaşdırılması forumun əsas müzakirə mövzuları olub.
Forum çərçivəsində “Nəqliyyat əlaqəliliyi və nəqliyyat dəhlizlərinin sinxronizasiyası” mövzusunda panel iclas, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin VIII iclası təşkil edilib. Həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TMTM) ölkələrinin nümayəndə heyəti rəhbərlərinin görüşü keçirilib.
Beynəlxalq tədbirdə bir sıra mühüm sənədlər imzalanıb. Buraya TMTM marşrutu üzrə dəmir yolu seqmentində mövcud “dar boğazlar”ın aradan qaldırılması məqsədilə tədbirlər planı, Transxəzər marşrutu üzrə nümayəndə heyətlərinin görüşünə dair protokol, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin VIII iclasının yekunları ilə bağlı kommünike daxildir.