...

Tikinti sektoru ilə bağlı dövlət qurumlarının və sahibkarların iştirakı ilə ictimai müzakirə təşkil olunub (FOTO)

İqtisadiyyat Materials 2 Oktyabr 2025 18:13 (UTC +04:00)
Tikinti sektoru ilə bağlı dövlət qurumlarının və sahibkarların iştirakı ilə ictimai müzakirə təşkil olunub (FOTO)

Bakı. Trend:

Tədbirdə tikintiyə və istismara icazələrin alınmasında mövcud vəziyyət və nəzərdə tutulan tədbirlər müzakirə edilib, sahibkarların təklifləri dinlənilib.

“Bakı KOB evi”ndə “Tikintiyə və istismara icazələrin alınması üçün tələb olunan vaxt və xərclərlə bağlı mövcud vəziyyət və onların optimallaşdırılması ilə bağlı imkanlar” mövzusunda ictimai müzakirə təşkil olunub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilən tədbirdə tikinti sektorunda fəaliyyət göstərən sahibkarlar və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

KOBİA yanında İctimai Şuranın sədri Samir Abdullayev tədbirin tikinti sektorunda qanunvericiliyin tələbləri, tikinti və istismara icazələrin verilməsi, bu sahədə KOB subyektlərinin qarşılaşdığı çətinliklərin dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müzakirə edilməsi və əməkdaşlığın genişləndirilməsi məqsədilə təşkil olunduğunu bildirib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev qeyd edib ki, tikinti və istismara icazələrin verilməsi sahəsində görülən işlər və nəzərdə tutulan tədbirlərlə bağlı ictimai müzakirənin təşkili sektor üzrə çağırışlarla bağlı fikir mübadiləsinin aparılması, işlərin koordinasiyalı təşkili və dövlət-özəl sektor əməkdaşlığının inkişafı baxımından əhəmiyyətlidir. Belə tədbirlər həmçinin mövcud prosedurların optimallaşdırılması və müvafiq sahədə islahatların həyata keçirilməsi üçün faydalıdır.

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov bildirib ki, tikinti sahəsinin rəqəmsallaşdırılmasına dair “Elektron Tikinti Portalı” 2019-cu ildə istifadəyə verilib. Hazırda bütün proseslər tam rəqəmsal formatda həyata keçirilir ki, bu da şəffaflığı və etimadı təmin edir. Sektor üzrə islahatlar və proseslərin təkmilləşdirilməsi üzərində sistemli işlər davam etdirilir. Paytaxtın uzunmüddətli inkişafını müəyyən edən əsas sənəd Bakı şəhərinin 2040-cı ilədək Baş Planıdır. Bu sənəd paytaxtın inkişafına aydın istiqamət verir: hər yeni layihə ümumi konsepsiya ilə uzlaşdırılır, xaotik tikinti istisna olunur, yaşayış, biznes və ictimai məkanlar arasında balans qorunur, şəhərin memarlıq siması isə saxlanılır.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tikinti və istismar icazələri ilə bağlı prosedurların sadələşdirilməsinin, xüsusilə də elektron icazə sistemlərinin tətbiqinin KOB-lar üçün yeni imkanlar açdığını qeyd edib. Bu, KOB-ların vaxt və vəsait itkisini minimuma endirir, fəaliyyətlərini daha çevik qurmasına şərait yaradır və biznes mühitinin inkişafına töhfə verir. Bununla belə, icazə prosedurlarının dəyişdirilməsi zamanı bunun sahibkarların fəaliyyətinə təsiri əvvəlcədən ciddi təhlillər əsasında qiymətləndirilməli, müraciətlərin qəbulu və cavablandırılması üçün vahid elektron platformanın imkanları genişləndirilməli, KOB-ların bu sahədə vaxt və vəsait itkilərinin azaldılması üçün rəqəmsal həllərin və innovativ yanaşmaların dəstəklənməsi diqqət mərkəzində saxlanılmalıdır. KOBİA sədri qeyd edib ki, sahibkarlar mövcud qanunvericilik və normativ tələblərlə yaxından tanış olmalı, elektron icazə platformalarından aktiv istifadə etməli və rəqəmsal imzalarla işləməyi vərdişə çevirməli, icazə prosedurlarında vaxt itkisini minimuma endirmək üçün bütün zəruri sənədləri əvvəlcədən tam hazırlamalıdır. KOBİA bu sahədə sahibkarlara zəruri əlaqələndirmə və dəstək göstərməkdə davam edəcəkdir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, tikintiyə və istismara icazələrin verilməsi sahəsində rəqəmsallaşdırma, prosedurların sadələşdirilməsi sahəsində tədbirlər görülüb, bununla belə müvafiq istiqamətdə proseslərin daha da optimallaşdırılması sahibkarların gözləntiləri sırasındadır.

Tədbirdə sahibkarların təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, onların həlli ilə bağlı müzakirələr aparılıb, sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti