Bakı. Trend:
Cari ilin ilk yarısı ərzində investisiya şirkətlərinin balans göstəricilərində azalma müşahidə olunub.
Trend-in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumatına görə, 2024-cü ilin sonu ilə müqayisədə investisiya şirkətlərinin aktivləri 23% (42 milyon manat) azalaraq 140 milyon manat, öhdəlikləri isə 33% (42 milyon manat) azalaraq 86 milyon manat təşkil edib. İnvestisiya şirkətlərinin aktiv və öhdəliklərindəki azalmanı şərtləndirən əsas amil yüklü maliyyə aktivlərinin (repo/əks-repo əməliyyatları) həcminin azalması olub.
Dövr ərzində investisiya şirkətlərinin müştəri aktivləri genişlənib. Cari ilin ilk yarısı ərzində investisiya şirkətlərinin müştəri aktivləri 23% (450 milyon manat) artaraq 2.4 milyard manata çatıb. Müştəri aktivlərində artımın əsas drayveri xarici bazarda broker xidmətləri olub. Belə ki, xarici bazarda broker xidmətləri üzrə müştəri aktivləri 31% (513 milyon manat) artaraq 2.1 milyard manat təşkil edib.
İnvestisiya şirkətlərinin xalis mənfəətində azalma müşahidə edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2025-cü ilin ilk yarısı ərzində investisiya şirkətlərinin xalis mənfəəti 67% (2.9 milyon manat) azalaraq 1.5 milyon manat olub. İnvestisiya şirkətlərinin xalis mənfəətində azalmanı şərtləndirən əsas amillər artan haqq və komissiya, əmək haqqı və sosial xərclər, habelə, inzibati xərclər olub.
Qeyd edlib ki, investisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır. 2025-ci ilin ilk yarısının sonuna olan məlumatlara əsasən sektor üzrə məcmu kapital 52.8 milyon manat, tələb olunan kapital isə 7.4 milyon manat təşkil edib ki, bu da investisiya şirkətlərinin kifayət qədər kapital buferinə sahib olmasını şərtləndirir.