Bakı. Trend:
Bank sektorunun mənfəətliyinin azalmasının əsas səbəbi ehtiyatlanmanın artımıdır.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə maliyyə sabitliyi hesabatına dair keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, bank sektorunun dayanıqlığında baxılmalı əsas məsələ kapital adekvatlılığıdır. Bank sektorunun kapitalı adektvatlılığı artmış və 18% ətrafındadır.
Ş. Mahmudzadə qeyd edib ki, bank sektorunun mənfəətliliyinin azalmasının səbəbi artan faiz və qeyri-faiz xərcləri olub: "Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz və qeyri-faiz gəlirləri müvafiq olaraq 21% (411 milyon manat) və 13% (101 milyon manat) artdığı halda, faiz və qeyr-faiz xərcləri isə müvafiq olaraq 55% (302 milyon manat) və 16% (203 milyon manat) artıb".
"Son dövrlərdə banklar tərəfindən depozitlər üzrə faiz dərəcələrinin bir qədər artırılması, habelə, əməliyyat xərclərinin artması fonunda bank sektorunun faiz və qeyri-faiz xərcləri artıb", - deyə baş direktor əlavə edib.
Qeyd edək ki, 2025-ci ilin birinci yarımili ərzində bank sisteminin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% (-37 milyon manat) azalaraq 577 milyon manat təşkil edib. Sektorun mənfəətliliyinin azalması fonunda aktivlərin gəlirliliyi (ROA) göstəricisi 0.4 faiz bəndi azalaraq 2.1% olub.