Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) investisiya şirkətlərinin mənfəətliliyinin azalmasının səbəblərini açıqlayıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Tərlan Rəsulov maliyyə sabitliyinə dair keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, investisiya şirkətlərinin gəlirliliyi stabil qalsa da, xərcləri artıb: "Xərclərin artması onların infrastruktura qoyduğu İnvestisiyalar, eyni zamanda texnologiyaya investisiyalar, təhlükəsizlik tədbirlərinin artması və AMB tərəfindən tətbiq edilən standartların artırılması ilə bağlıdır. Təbii ki, növbəti dövrdə bu xərclərin artım dinamikasında davamlılıq gözləmirik. Müəyyən stabilləşmə olacaq".
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2025-cü ilin ilk yarısı ərzində investisiya şirkətlərinin xalis mənfəəti 67% (2.9 milyon manat) azalaraq 1.5 milyon manat olub.
AMB-nin məlumatına görə, investisiya şirkətlərinin xalis mənfəətində azalmanı şərtləndirən əsas amillər artan haqq və komissiya, əmək haqqı və sosial xərclər, habelə, inzibati xərclər olub.