Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) “Catalyzing Sustainable Transport Initiatives in Asia and the Pacific” (Asiya və Sakit Okeanı regionunda dayanıqlı nəqliyyat təşəbbüslərinin katalizasiyası) adlı yeni layihəni təqdim edib.
Trend AİB-ə istinadən xəbər verir ki, layihə dayanıqlı, inklüziv və iqlim dayanıqlı nəqliyyat sistemlərinə keçidin sürətləndirilməsinə yönəlib.
Qeyd olunur ki, texniki yardım proqramı Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan və digər AİB üzv dövlətləri də daxil olmaqla, regionun 40-dan çox ölkəsini əhatə edəcək.
“Layihə ölkələrə nəqliyyat sahəsində gələcək investisiyaların planlaşdırılması və həyata keçirilməsində dəstək göstərməyi, analitik qiymətləndirmələrin aparılmasını, infrastrukturun idarə edilməsinin təkmilləşdirilməsini, rəqəmsal və ekoloji həllərin tətbiqini, həmçinin özəl kapitalın cəlb edilməsini nəzərdə tutur.
Təşəbbüs çərçivəsində texniki və institusional potensialın gücləndirilməsi məqsədilə hədəfli təlim proqramları, o cümlədən “Advancing Transport Leadership Program” həyata keçiriləcək. Xüsusi diqqət iqlim dəyişikliyinə dayanıqlı nəqliyyat sistemlərinin inkişafına, rəqəmsal transformasiyaya, aşağı karbonlu və dövri iqtisadiyyata keçidə, yol hərəkəti təhlükəsizliyinə və inklüziv inkişafa yönəldiləcək.
AİB-in məlumatına görə, region ölkələri nəqliyyat infrastrukturunda artan çatışmazlıqla üzləşir: 2035-ci ilədək illik investisiya tələbatı 2,9 trilyon ABŞ dolları həcmində qiymətləndirilir, lakin faktiki maliyyələşmə həcmi bu göstəricidən xeyli azdır”,- məlumatda qeyd olunur.
Layihə həmçinin, emissiyaların azaldılmasına, yol təhlükəsizliyinin artırılmasına və intellektual nəqliyyat sistemləri (ITS), rəqəmsal əkizlər, BIM texnologiyaları və IoT əsaslı logistika platformaları kimi rəqəmsal həllərin inkişafına yönəlib.
Proqramın icrasının region ölkələrinə daha səmərəli nəqliyyat siyasəti formalaşdırmaq, institusional çərçivələri möhkəmləndirmək və dayanıqlı inkişafla yanaşı, regional inteqrasiyanın əsaslarını yaratmaq imkanı verəcəyi gözlənilir.