Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan tranzit neftinin həcmi 22,761 milyon ton təşkil edib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 1,4 milyon ton və ya 5,9% azdır.
Belə ki, 2024-cü ilin ilk 10 ayında BTC ilə 24,180 milyon ton neft nəql edilmişdi.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81,5 faizini və ya 19,705 milyon tonunu Azərbaycanda hasil edilən neft, 18,5 faizini və ya 4,475 milyon tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Ümumilikdə, hesabat dövründə magistral neft kəmərləri ilə 32,128 milyon ton neft nəql edilib. Nəqletmənin 75,3 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib.
Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ümumi uzunluğu 1768 km təşkil edir, 443 km Azərbaycan ərazisindən, 249 km Gürcüstan ərazisindən, 1076 km isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşası 2003-cü ilin aprel ayında başladılıb, 2005-ci il mayın 18-də boru kəmərinə neft yüklənib.
2002-ci ilin avqust ayında layihənin icrası üçün təsis edilmiş BTC Co. şirkətində pay bölgüsü aşağıdakı kimidir: bp (30,1 faiz), AzBTC (25 faiz), MOL (8,9 faiz), Equinor (8,71 faiz), ТРАО (6,53 faiz), Eni (5 faiz), Total (5 faiz), Itochu (3,4 faiz), Inpex (2,5 faiz), ExxonMobil (2,5 faiz) və ONGC (2,36 faiz).
