...

Azərbaycan bütün ərazisi üzrə 100% genişzolaqlı internet təmin edə bilir - Nazir müavini

İqtisadiyyat Materials 17 Noyabr 2025 13:20 (UTC +04:00)
Azərbaycan bütün ərazisi üzrə 100% genişzolaqlı internet təmin edə bilir - Nazir müavini
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan bütün ərazisi üzrə 100% genişzolaqlı internet təmin edə bilən çox azsaylı ölkələrdən biridir.

Trend xəbər verir ki, bunu bu gün rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı (WTDC-25) üzrə mətbuat konfransında deyib.

O bildirib ki, hazırda dünyada təxminən 2,6 milyard insan hələ də mənalı internet bağlantısından məhrumdur: "WTDC25-in əsas məqsədi bu əhali üçün əlçatan və keyfiyyətli internet bağlantısını genişləndirmək və qlobal rəqəmsal fərqi azaltmaqdır. Azərbaycan isə bütün ərazisi üzrə 100% genişzolaqlı internet təmin edə bilən çox azsaylı ölkələrdən biridir. Bu bizə yalnız regional nümunə olmaq imkanı yaratmır, həm də qlobal səhnədə təcrübəmizi və biliklərimizi paylaşmağa imkan verir".

Nazir müavini, həmçinin konfransın Bakıda keçirilməsini əhəmiyyətindən də danışıb: "Bu konfransın Bakıda keçirilməsi həm Azərbaycan, həm də bölgə üçün böyük əhəmiyyət kəsb edir. Bu, ölkənin rəqəmsal transformasiyasını sürətləndirmək və beynəlxalq nüfuzunu daha da artırmaq üçün çox önəmli bir platformadır. 160-dan çox ölkədən təxminən 2 500 nümayəndə qatılır, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Fransa, İsrail, Yaponiya, Çin və digərləri. Təxminən 60 ölkədən nazir və nazir müavini səviyyəsində nümayəndə heyətləri də iştirak edir. Həmçinin, 500-dən çox gənc peşəkar bu tədbirdə iştirak edir ki, bu da həm beynəlxalq, həm də Azərbaycan gənclərinə qlobal texnologiya trendlərini izləmək və beynəlxalq əməkdaşlıqlar qurmaq imkanı verir".

"Konfrans müddətində 2026-2029-cu illər üçün qlobal rəqəmsal inkişaf yol xəritəsi qəbul ediləcək, yeni regional təşəbbüslər və prioritetlər müəyyənləşdiriləcək və xüsusilə ən az inkişaf etmiş ölkələr, sahilsiz ölkələr və kiçik ada dövlətlərinin rəqəmsal imkanlarının gücləndirilməsinə xüsusi diqqət yetiriləcək. Biz əminik ki, bu tədbir qlobal rəqəmsal inkluziya və dayanıqlı inkişafın təşviqinə əhəmiyyətli töhfə verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti