Bakı. Trend:
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi yükdaşıma istiqamətində region ölkəlkəri üçün böyük potensiallar vəd edir.
Bunu Trend-ə müsahibəsində İranın yol və şəhərsalma nazirinin müavini və Dəmir Yolları Şirkətinin icra direktoru Cabbar Əli Zakeri deyib.
Onun sözlərinə görə, İranda MDB-yə üzv dövlətlərlə 6 istiqamətdən dəmiryolu əlaqəsi olan marşrut vardır. Ölkənin şərqində Sərəxs, Lotfabad və İnçəburun, Xəzər dənizində Əmirabad və Kaspian limanları və ölkənin qərbində isə Astarada dəmiryolu terminalı vardır. Buna İranın qərbində Culfa vasitəsi ilə Naxçıvana birləşən dəmiryolunu da əlavə etmək lazımdır.
Zakeri deyib ki, ötən 2-3 il ərzində MDB-yə üzv dövlətlərlə dəmiryolu əməkdaşlığının artırılması istiqamətində bir sıra addımlar atılıb. O cümlədən Bakıda keçirilən MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasında irəli sürülən proqramlar çərçivəsində 3-4 il ərzində dəmiryolu ilə əməkdaşlıq və yükdaşımaların artırılması nəzərdə tutulub. Ümumilikdə indiyədək MDB-yə üzv dövlətlərlə İran arasında dəmiryolu ilə yükdaşımalar hazırda 5 milyon tona yüksəlib. Proqnoz olunur ki, bu yükdaşımanı 15 milyon tona artırmaq mümkündür. Bugünkü iclasda imzalanan sənəddə təkcə Astara vasitəsi ilə yükdaşımanı ildə 2 milyon tona artırmaq nəzərdə tutulub.
Nazir müavini əlavə edib ki, bu çərçivədə İran Rusiyadan İran istiqamətində daşınacaq yüklərin ildə 5 milyon tona yüksələcəyini planlaşdırır.
Zakeri qeyd edib ki, dəmiryolu infrastrukturlarının yaradılması istiqamətində proqramlar yükdaşımaların artırılmasını özündə əks etdirdiyini göstərir.
“Sevindirici haldır ki, Azərbaycan da ölkə daxilində dəmiryolu infrastrukturlarının inkişaf etdirilməsi istiqamətində addımlar atır. Bunun özü dəmiryolu ilə yükdaşımaların artmasına köməklik göstərəcək”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, İranda da Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutu çərçivəsində dəmiryolu olmayan Rəşt-Astara istiqaməti vardır. İndiyədək Gilan vilayətində bu dəmriyolu xəttinin keçəcəyi ərazinin mülkiyyətinin təxminən 95%-i satın alınıb. Hazırda həftədə orta hesabla 3 kilometr məsafənin mülkiyyəti satın alınır. İran 20 mart 2026 tarixinədək Rəşt-Astara dəmiryolunun keçəcəyi ərazinin mülkiyyətini tam şəkildə satın alacağını proqnoz edir. Rusiya şirkəti satın alınmış ərazilərdə dəmiryolunun tikintisi ilə əlaqədar tədqiqatlar aparır. Qeyd olunan tarixdən sonra bu dəmiryolunun tikintisinə başlanacağı gözlənilir. Bütün bunlar bu dəmiryolunun birləşdirilməsi və Şimal-Cənub Dəhlizinin tamamlanması istiqamətində atılan addımlardır.
“Lakin bu dəmiryolunun tikiləcəyi vaxta qədər İran qatar-yük maşınları-qatar formasında Astara dəmiryolu terminalından Rəşt şəhərinədək yüklərin daşınması diqqət mərkəzində saxlanılır. Hazırda qeyd olunan formada yükdaşımaların artırılması istiqamətində İran, Azərbaycan və Rusiya arasında Anlaşma Memorandumu imzalanıb. Bu yükdaşımanın tezliklə 5 milyon tona çatdırılması gözlənilir”, - deyə o qeyd edib.
