Bakı. Trend:
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklikləri təsdiqləyib.
Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 1-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bununla bağlı Qərar imzalayıb.
Bildirilib ki, qərar dövlət maliyyəsinin idarə edilməsində rəqəmsallaşmanın sürətləndirilməsi, elektron xidmətlərin genişləndirilməsi və yeni funksional tələblərə uyğun institusional strukturun formalaşdırılması məqsədi daşıyır.
Məlumata görə, qeyd olunan dəyişikliklər Azərbaycan Respublikasının Prezidentinin “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2025-ci il 25 avqust tarixli Fərmanından irəli gələn vəzifələrin icrası çərçivəsində həyata keçirilir. Həmin Fərmanla büdcə, vergi, gömrük, dövlət rüsumu, dövlət mülkiyyətində olan və dövlət adından yaradılan publik hüquqi şəxslər üzrə dividendlər və digər daxilolmalar da nəzərə alınmaqla dövlət maliyyəsi sahələrinin vahid platformada daha səmərəli idarə edilməsi məqsədilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması tapşırılmışdır. Bu istiqamətdə dövlət orqanları və təşkilatları arasında maliyyə sənədlərinin elektron mübadiləsinin təmin edilməsi, dövlət satınalmalarının elektron müqavilələr əsasında aparılması və yeni rəqəmsal həllərin tətbiqi əsas vəzifələr kimi müəyyənləşdirilib.
Vurğulanıb ki, qərar ilə Maliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məlumat-Hesablama Mərkəzinin institusional statusunda aparılmış dəyişikliklər hüquqi müstəvidə də rəsmiləşdirilir və Mərkəz bundan sonra Rəqəmsal Maliyyə Mərkəzi MMC adı altında fəaliyyət göstərəcək.
"Yeni struktur maliyyə informasiya sistemlərinin inkişafı, istismarı, modernləşdirilməsi və fasiləsiz fəaliyyətinin səmərəli təşkili, informasiya təhlükəsizliyi üzrə mövcud standartlara uyğun idarəetmə mexanizmlərinin tətbiqi və gücləndirilməsi, əsas və ehtiyat məlumat mərkəzlərinin fasiləsiz işinin təmin edilməsi, eləcə də maliyyə əməliyyatlarının elektron mühitdə daha çevik və inteqrasiya olunmuş formada idarə olunmasına şərait yaradacaq.
Qəbul edilmiş dəyişikliklər dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın, səmərəliliyin və rəqəmsallaşmanın artırılmasına mühüm töhfə verəcəkdir", - məlumatda qeyd edilib.
